Ötən mövsümü icarə əsasında "Neftçi"də keçirən Freddi Varqas müqavilə ilə məxsus olduğu İsrailin "Makkabi" (Netanya) klubuna mövqeyini açıq şəkildə çatdırıb. Sport24.az-ın oyunçuya yaxın mənbədən əldə etdiyi məlumata görə, 27 yaşlı vinger agentləri vasitəsilə klub rəhbərliyinə İsraildə çıxış etmək istəmədiyini bildirib və gələcəyi ilə bağlı qərarının dəyişməyəcəyini vurğulayıb.
Bununla belə, "Makkabi" (Netanya) kolumbiyalı futbolçunu təzminatsız buraxmaq niyyətində deyil. İsrail təmsilçisi Varqasın transfer hüquqlarını almaq istəyən "Neftçi"dən müqavilədə nəzərdə tutulduğu kimi 900 min avro tələb edir.
"Ağ-qaralar" isə bu məbləği yüksək hesab edir. Bu səbəbdən tərəflər arasında transferin şərtləri ilə bağlı danışıqlar davam edir və yekun razılıq hələ əldə olunmayıb.
Qeyd edək ki, Freddi Varqas ötən mövsüm "Neftçi"nin heyətində 32 rəsmi oyunda meydana çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.