"Neftçi"nin transfer gündəmində yer alan Afimiko Pululu ilə bağlı yeni iddia ortaya çıxıb. Sport24.az-a verilən məlumata görə, mövsümün sonunda Polşanın "Yagelloniya" klubundan ayrılan hücumçu karyerasını yenə bu ölkədə davam etdirə bilər.
27 yaşlı forvard hazırda "Vidzev Lodz"la danışıqlar aparır. Hətta tərəflər anlaşmağa da çox yaxındırlar.
Mənbənin iddiasına əsasən, tərəflər yekun razılığa gəlsələr, Pululu yeni klubunda "Yagelloniya"da qazandığından daha yüksək məvacib alacaq.
Qeyd edək ki, Afimiko Pululu son üç mövsümü "Yagelloniya"da keçirib. Hücumçu bu müddətdə 134 oyunda meydana çıxaraq 56 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb. O, komandasının tarixi Polşa çempionluğunda mühüm rol oynayıb, həmçinin Polşa Superkubokunun qazanılmasına töhfə verib.
Pululu xüsusilə 2024/2025 mövsümündə UEFA Konfrans Liqasındakı çıxışı ilə diqqət çəkib. Belə ki, o, turnirdə vurduğu 8 qolla yarışın ən məhsuldar futbolçusu olub.
Xatırladaq ki, Afimiko Pululunun adı son günlər "Neftçi" ilə yanaşı çəkilir. Lakin görünən odur ki, Bakı klubu təcrübəli hücumçunun transferi uğrunda mübarizədə ciddi rəqabətlə üz-üzədir.