Adı son günlər "Neftçi" ilə hallanan Afimiko Pululu Azərbaycan klublarının diqqət mərkəzində qalmaqda davam edir. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçu ilə maraqlanan komandalar arasında "Qarabağ" da var.

Ağdam təmsilçisi anqolalı hücumçunun vəziyyətini yaxından izləyir və onu transfer siyahısında saxlayır.

Bununla belə, Pululunun karyerasını ölkəmizdə davam etdirməsi hazırkı mərhələdə asan görünmür. Son olaraq Polşanın "Yagelloniya" klubunda çıxış edən futbolçuya Kipr, Serbiya və Belçika təmsilçilərindən daha sərfəli təkliflər də var.

Qeyd edək ki, Afimiko Pululu xüsusilə 2024/2025 mövsümündə UEFA Konfrans Liqasındakı uğurlu çıxışı ilə diqqət çəkib. O, turnirdə vurduğu 8 qolla yarışın bombardiri olub və Avropanın bir sıra klublarının maraq dairəsinə düşüb.