"Neftçi"yə son turda autsayder "Səbail" üzərində qələbə qazandıran braziliyalı hücumçusu Tyaqo Bezerra debüt etdiyi çempionatımızda artıq hesabına 8 qol yazıb. 35 yaşı fevralın 17-də tamam olan "qoca" saytımızın versiyasına görə turun qəhrəmanı da seçildi. Tyaqo Sport24.az-a müsahibəsində bir sıra mətləblərdən söz açıb.
- Səfərdə oynasanız da, son pillədə gedən komandayla görüşürdünüz. Çətin qələbə oldu. Bunun əsas səbəbi nə idi? Bəli, qazon problemi, bir hissə azlıqda oynamalı olduğunuz aydındı. Amma ilk hissədə də rəqib qapısına yol tapa bilmədiniz...
- Allaha şükür, həm qol vurdum, həm də çox önəmli bir qalibiyyətə imza atdıq. Qazon ağır idi, azlıqda oynadıq ikinci hissəni. Belə vəziyyətdə qələbəni qazandığınıza görə xoşbəxtik. Rəqib son pillədə olsa da, asan bir matç gözləmirdik. Ümumiyyətlə, heç vaxt asan bir qarşılaşma olmur bizim üçün. Hər görüşdə çox mübarizə aparmağımız lazımdı. Xüsusilə bu matçda qırmızı vərəqədən sonra bizə daha çətin oldu. Amma baxdıqda, komanda hər zaman yaxşı oynaya bilməz. Sadəcə, 3 xalı qazanmaq çox şeyi dəyişdirə bilir. Hər kəs çox qaçdı, çox mücadilə etdi. Qalib gəlməyimizin asan olmadığını hər kəs kənardan gördü. Hesabımıza daha bir qələbə yazdıq, seriyamız 8 matça çatdı. Təbii ki, yaxş oynamaq istəyirik, hər bir futbolçu da bunu istəyər. Amma bu, həmişə olmur. Ümid edirəm ki, uğurlu seriyamız davam edəcək. Qalib gəldikcə təbii ki, hər şey daha asan olur, güvən gəlir futbolçulara, komanda yaxşı oynamağa başlayır. İnanıram ki, sonluq bizim üçün yaxşı olacaq. Cümə günü çox önəmli bir matç gözləyir bizi. Qələbə üçün hər şeyimizi verəcəyik.
- "Zirə"ylə həmin cavab yarımfinal matçına toxunaq. Məlumdu ki, "Neftçi" çempionluq titulunu qoruya bilməyəcək, "Qarabağ" bunu artıq növbəti turda rəsmiləşdirməlidi. Belə olan halda, çempionatda gümüş medalçı olmalı və mövsümü Kuboku qazanmaqla titulla başa vurmalısınız. Bunun üçün "Zirə" səddini keçməlisiniz. Bacaracaqsınız?
- Təbii ki, biz "Neftçi" olaraq hər zaman çempion olmaq istəyirik. Xüsusilə keçən mövsümkü çempionluqdan sonra bu il də onun təkralanacağını hər kəs gözlədi. Amma olmadı, biz az uzaqda qaldı bu titul. Təbii ki, buna görə çox üzgünük. Premyer Liqada liderlə xal fərqimiz belə çox oldu. Çox asan xallar itirdik. Çempionluq əldən çıxdığına görə hazırda bütün konsentrasiyamız Kubokadı. Qaldı 2 matç ki, bunu qazanıb mövsümü uğurla bitirmək istəyirik. Təbi ki, "Zirə"ni yaxşı tanıyırıq, gücünü bilirik. Çünki neçə dəfə onunla oynadıq. Əlbəttə, onlar da bizi yaxşı bilir. Çox ağır olacaq, amma hər birimiz bu matç üçün çox konsentrasiyalı, çox yaxşı şəkildə hazırlaşırıq.
- Qayıdaq çempioinatda son turun matçına. Çünki elə gözəl qola imza atdın ki, buna yenə baxmaq istəyirsən. Artqı 36 yaşın içində olan, cüssəli bir hücumçu tullanıb "qayçıvari" zərbəylə topu tora göndərir. Qolunu necə şərh edərdin? Necə oldu ki, ani belə qərar vurdun? Maraqlıdı, karyeranda belə gözəl qola imza atmışdın?
- Xoş sözlərə görə sağ ol, qardaş. Təbii ki, gözəl qol oldu. Amma dediyim kimi, mənim üçün ən önəmli qazandığımız 3 xaldı. Həm də komanda yaxşı oynasa, çox sevinərəm. Təbii ki, qollar da boş bir deyil, o da gözəl andı. Super bir qol alındı. Həmin anda qərarı düşünmürsən ki...Top mənə düşən kimi belə zərbəni daha məqsədəuyğun saydım ki, qol olsun. Karyeramda belə gözəl qollar olub. Sağ olsun Yusuf Laval da, gözəl assist elədi, məni gördü cərimə meydanında. Təbii ki, çox sevincliyəm bu qola görə. Amma məni daha çox sevindirən qələbəmiz oldu.
- Saytımızın turun ən yaxşılarıyla bağlı layihəsində ilk dəfə turun qəhrəmanı seçildin. Bəs, sən necə hesab edirsən - matçın, turun qəhrəmanı idinmi?
- Diqqətinizə, verdiyiniz dəyərə görə minnətdaram. Mənim üçün komandamın fərqlənməsi daha vacibdi. Tanış oldum saytınızda ən yaxşılar nominasiyanızla və burda "Neftçi"nin turun komandası, Samir Abasovun isə baş məşqçi olmasına görə də sevindim. Bu da bizim üçün çox gözəldi. Hər birimiz yaxşı olaq. Cümə günkü matçımıza bu, çox yaxşı ruh yüksəkliyi, motivasiya olacaq. Buna görə saytınıza təşəkkürlər!
- Komanda yoldaşın Mert Çelik "İnstagram"da yazıb ki, "Baba, sanki 18 yaşındakı kimisən, maşallah". Bunu bəs, oxumusanmı?
- Gördüm Mert qardaşımın yazdığını, amma o qədər də deyil (gülür). Çox şükür Allaha ki, özümü yaxşı hiss edirəm, zədələr yaşamadım uzun müddət. Bir az mövsümün əvvəlində qasıq nahiyəmdə əzələmi dartdım, buna görə toplanışa qatılmadım, bir az əskiyim oldu bu mövsüm. Təbii ki, Mertin dediyi kimi gənc deyiləm, orqanizmim o qədər gənc deyil. Bizim də yaşımız, çəkimiz var yetərincə.
- Qoldan sonra bir neçə saniyə seneqallı komanda yoldaşın Mamadu Mbodla nəsə danışaraq paylaşırdın. Maraqlıdı, mövzu nə idi?
- Komandada yaxın dostlarımda biridi Mbodj. Fransızla bildiyi üçün onunla çox söhbətləşirəm - həm meydanda, həm də kənarda. O mənə söylədi ki, Tyaqo, qol atmağın lazımdı, əks halda biz çox zor olacaq. İlk dövrədə bunu edə bilmədim "Səbail"lə. Amma ikinci dövrədə qol vuracağımı dedi. Çox şükür ki, dediyi kimi oldu. Mamadu da yaxşı mübarizə aparır, arxada bizə çox güvən verir. O üzdən bizim üçün çox önəmli futbolçudi. Bu mövsümdə uğursuz matlçarı da olub. Amma indi çox yaxşı oynayır. Buna görə təbrik etməyimiz lazımdı onu.
- Fərqlənməyində baş məşqçinizin də rolu oldu. O mənada ki, səni də meydana saxlayaraq, Ramon Maçadonu oyuna buraxdı. Halbuki, Maçadonu meydanın kənarında görəndə, əvəzlənəcəyini düşünərdin...
- Eynilə dediyiniz kimidi. Abasova da təşəkkür etməyimiz lazımdı. Ramon kənarda olanda əvəzlənəcəyini düşündüm. Çünki onsuz da azlıqda idik və meydanda iki "9 nömrə"nin olacağını hesab etmədim. Amma yaxşı ki, axıradək meydanda qaldım və bundan çox az sonra qələbə topunu vurdum. Ramon da hücun xəttimizi gücləndirdi. O da çox yaxşı futbolçudu, bizə çox kömək edir. Komandamızda çox önəmli rol oynayır Maçado. Gördüyünüz kimi, qolla nəticələnən hücumda o da iştirak elədi, topu alaraq İsmayıla ötürdü. Yaxşı ki, Ramonla ikimiz də bərabər oynadıq.
- Son vaxtlar qollarını sıyalayırsan. Hərçənd, koronavirusa görə qış təlim-məşq toplanışına da gec qoşuldun. Məhsuldarlığını nəylə əlaqələndirərdin? Bombardirliyə iddian varmı?
- Allaha çox şükür ki, qollar gəldi bu vacib zamanda. "Neftçi"ylə iki təlim-təlim-məşq toplanışına - həm yaydakına, həm də qışdakına qatılmadığıma görə mənim üçün asan mövsüm keçmədi. Bu üzdən tam bütün matçları oynamadım. Bildiyiniz kimi, toplanışda iştirak etməyəndə həm zədələr baxımından təhlükəlidi, həm də ardıcıl oyunlar keçirəndə yorğunluq gəlir. 15-16 mövsümdü futbol oynadım, amma belə indiki kimi olmadı ki, mövsüm ərzində iki toplanışı buraxmalı oldum. Ən uzağı, bir həftə gec qoşulmuşdum. Qış toplanışında isə koronavirusa görə ola bilmədim. Bu üzdən forma yığmağım çətin oldu. Amma çox şükür ki, son vaxtlar yaxşı formadayam və qollarım da gəlir. Komanda hər zaman qazansın, o qollar xal gətirsin, bizə də çox önəmli olsun. O üzdən önümüzə baxmağımız lazımdı. Qazandığım matçda qol vurduğumda daha çox zövq alıram.
- "Neftçi"ylə müqavilən başa çatır. Yeni anlaşma imzalamağı düşünürsən? Bu yöndə ilkin söhbət olubmu?
- Bəli, sözləşməm bitir, son 2 ay qalıb. Hələ danışa bilmədik. Təbii ki, uzun bir planımız var Bakıda qalmaqla bağlı. Ailəm də burda xoşbəxtdi. Amma yekun meydanla bağlı olandı. Orda nə qədər yaxşı çıxış edərsən - həm özün, həm də komandan - o qədər şans olacaq müqaviləni yeniləməyə. Lakin indi buna baxmırıq. Qarşıda çox vacib Kubok matçımız var, sonra isə Premyer Liqanı yaxşı şəkidə bitirmək istəyirik. Bundan sonra təbii ki, rəhbəriklə oturub danışacağıq.
- Gələcək karyeranla bağlı nə düşünürsən? Nə vaxt bitirməyi qərarlaşdırmısan?
- Karyeramla bağlı hələ tam qərar vermədim. Amma Braziliyaya dönməyi düşünmürəm. Onsuz da orda oynadım bir neçə il. Ölkə kənarında qalmağı daha çox düşünürəm. Hələ neçə il oynayacağımla bağlı da yekun qərar vermədim. Çünki indi özümü yaxşı hiss edirəm, amma bəlkə o biri ilə qədər özümü yaxşı hiss etməyəcəm. Bu üzdən nə vaxt qərar verilsə, buna hazıram. Allahıma çox şükür ki, gözəl zamanlarım oldu. Bəli, pis zamanlarım da oldu karyeramda, amma indi özümü yaxşı hiss edirəm. Sonluq gəldiyi halda bu haqda düşünməyim lazımdı. Nə vaxt "futbol desə ki yetər" - getməyə hazıram. Eləcə də əksinin olmasına. Qorxmuram karyerama bitirməklə bağlı. Bəlkə 2-3 il də oynadım - buna da hazıram.
MEHMAN SÜLEYMANOV