"Vacib 3 xal qazandıq. Bura qələbə üçün gəlmişdik və ona da nail olmağı bacardıq. Futbolçularımızın hamısına minnətdarlığımı bildirirəm. "Sumqayıt"la növbəti tur oyununa bu gündən hazırlaşacağıq". Sport24.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin məşqçisi Vəfadar Quliyev "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçından sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis Yusuf Lavalın vurduğu qolu onunla qeyd etməsinə münasibət bildirib: "Uşaqlarla zarafat edirdik. Guya hamıya demişəm ki, mənə tərəf gəlsin. Amma belə bir şey olmayıb. Bəlkə də demişəm, yadımdan çıxıb. Səlahət Ağayevlə bir az zarafatımız oldu. Dedi ki, müəllim, bütün komandaya demisiniz? Bəlkə də motivasiya üçün demişəm. Məncə, kim qol vursaydı, qeyd etməyə gələcəkdi".