“Hamımızın bir hədəfi var - qələbə. Evdə çıxış edirik və bilirik ki, Azərbaycandakından tamam fərqli oyun olacaq. Bakıdakından daha yaxşı oynamaq və qələbə qazanmaq istəyirik”. Sport24.az xəbər verir ki, bunu Avstriyanın “Rapid” klubunun futbolçusu Maksimilian Hofmann Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

29 yaşlı mərkəz müdafiəçisinin fikrincə, öz meydanlarında tam fərqli oyun sərgiləyəcəklər: "Evdə nəyə qadir olduğumuzu son illər tez-tez göstəririk. Xüsusilə də azarkeşlərimizin dəstəyi ilə. İndi bunu yenidən göstərmək və mümkün qədər tez vəziyyəti lehimizə çevirmək üçün fərqli üzümüzü ortaya qoymalıyıq. Konsentrasiya edilmiş yaxşı performans lazımdı ki, bnun üçün çalışacağıq”.

Hofmann artıq “Neftçi”ni yaxşı tanıdıqlarını, Bakıdakı səhvlərini bildiklərini, bunun üzərində çalışdıqlarını sözlərinə əlavə edib: "Bu dəfə daha yaxşısını edəcəyik. Bunu bacarsaq, əminəm ki, uğurlu oyun nümayiş etdirib növbəti mərhələyə yüksələcəyik. “Neftçi” üçün bu, həyatının oyunu kimidi, ancaq bunun bizim üçün heç bir əhəmiyyəti yoxdu".

Maksimilian hesab edir ki, “Neftçi”nin ilk oyundakı heyəti olacaq: "Ona görə də rəqibi yaxşı təhlil etmək, Bakıda buraxdığımız səhvləri təkrarlamamaq vacibdi. Ən əsası, ilk dəqiqədən oyunumuzu onlara diqtə etməliyik. 90 dəqiqə və daha çox müddətdə öz oyunumuzu göstərsək və bacarığımızı ortaya qoysaq, mərhələ adlayacağımıza əminəm”.

Qeyd edək ki, bu gün “Veststadion”da keçiriləcək “Rapid” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.