"Neftçi" üçüncü qapıçısı olan Kamran İbrahimovu icarəyə verə bilər. Sport24.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.

Buna rəğmən, Abasov 22 yaşlı əlcək sahibinə güvəndiklərini bildirib: "İbrahimov haqda da fikirləşirik. Premyer Liqada komanda sayı çox olsa, icarə məsələsi gündəmə gələ bilər. Yaxud da yayda toplanış üçün vaxtımız olsa, Kamrana daha çox şans vermək, güvənmək istəyirik".

43 yaşlı mütəxəssis "Qarabağ"da ehtiyatda qalan Emil Balayevin "Neftçi"yə mümkün keçidi məsələsinə də toxunub. O, Azərbaycanda Kamran Ağayevdən sonra bizim qapıçıların zaman-zaman parlayan vaxtları olduğunu yada salıb: "Xatırlayırsınızsa, bu, Səlahət Ağayevdə və Emil Balayevdə də baş verdi. Əfsuslar olsun ki, balansı saxlaya bilmədilər. Emil 1 ilə yaxındır Ağdam klubunda əsas heyətdə oynaya bilmir. Amma bacarığı, keyfiyyəti haqqında xoş sözlər demək olar. Millimizin də qapıçısı olub. Bu gün neçə qolkiperimiz var ki, onların arasında seçim də edək? Sayları həddindən artıq azdır".