Misli Premyer Liqasının 16-cı turu bir-birindən maraqlı nəticələrlə yadda qaldı. Əzəli rəqiblərin duelində “Qarabağ” səfərdə “Neftçi”ni 4 cavabsız qolla üstələdisə, liderin ən yaxın izləyicisi “Sabah” gözlənilmədən “Şamaxı” önündə büdrədi.

4-cü yerə iddialılar “Zirə” və “Qəbələ” müvafiq olaraq “Turan Tovuz” və “Səbail”i eyni hesabla məğlub etdilər. “Sumqayıt” cari mövsümdə ilk qalibiyyətini isə Gəncə səfərində “Kəpəz”dən aldı.

Baş tutan qarşılaşmaları dəyərləndirmək üçün veteran futbolçu Bəxtiyar Musayevlə əlaqə saxladıq. 49 yaşlı mütəxəssis Sport24.az-a müsahibəsində sabiq komandası “Neftçi”nin düşdüyü duruma da münasibət bildirdi.

- Turun açılış oyununda “Qarabağ”ın səfərdə “Neftçi”ni 4:0 hesabı ilə məğlub etməsi sizin üçün gözlənilməz olmadı?

- Mənim üçün gözlənilməz deyildi. Çünki mövsümün əvvəlində bu komandaların hansı vəziyyətdə olduğunu görmüşdüm. Hələ yayda 1-2 oyunlarına baxanda hansı durumda olduqlarını təxmin etmək olardı. Etdikləri transferlər, sərgilədikləri oyun göstərdi ki, “Qarabağ”a rəqib ola bilməzlər. “Qarabağ” isə nəyə qadir olduğunu avrokuboklardakı oyunlarda göstərdi. “Qarabağ” bu il “Neftçi” ilə harada qarşılaşsa, rahat qələbə qazanacaq gücədədir.

- “Qarabağ”ın kifayət qədər qol şansını qaçırdığını nəzərə alsaq, demək olar ki, “Neftçi” 0:4 hesabına görə qapıçısı İvan Brkiçə minnətdar olmalıdır?

- Hesab açılana qədər qapıçı bir neçə dəfə oyuna müdaxilə etdi. Bir epizodda hətta o da aciz qaldı, Ramil Şeydayev boş qapı əvəzinə topu dirəyə vurdu. Brkiç bəzi anlarda komandasını xilas eləsə də, superseyvlərlə yadda qalmadı. Sadəcə, öz üzərinə düşəni etdi. Təəssüf ki, “Neftçi” bu cür oyunla 0:4 hesabına sevinməlidir. Biz belə çempionat istəmirik. “Neftçi”nin çempionluq yarışında “Qarabağ”a rəqib olmasını arzulayırıq. Ancaq bunu görmürük.

- “Qarabağ”a çempionluq yolunda rəqib sayılan “Sabah” öz meydanında autsayderlərdən olan “Şamaxı” önündə büdrədi. 1:1 hesabına səbəb kimi nəyi göstərmək olar?

- Bu mövsüm heç “Sabah”ı da “Qarabağ”a rəqib saymıram. Ancaq Murad Musayev faktorunu qeyd etməliyəm. Rusiyalı mütəxəssis komandaya gəldiyi ilk gündən öz işini ortaya qoymağı bacarmışdı. “Sabah” “Qarabağ”a, digərləri də “Sabah”a rəqib deyil. Mövsümün əvvəlindən görünürdü ki, “Sabah” “Neftçi”ni ikinci pillədən rahatlıqla uzaqlaşdıracaq. “Şamaxı” ilə matçda da öz oyunlarını nümayiş etdirdilər. 25-ci dəqiqədən etibarən azlıqda oynamalarına baxmayaraq, kifayət qədər qol imkanları yaratdılar. 10 nəfərlə uzun müddət oyuna diktə etmək az iş deyil. “Şamaxı” təsadüfi bir qolla xal qazandı. Cavan uşaqlardır, vuruşurlar. Amma qol imkanları yaratmamışdılar. Vurulan topda da məncə, Fuad Bayramov ötürmə vermək istəyirdi, “Sabah”ın gənc qapıçısının səhfindən qol oldu. Ondan sonra da qələbə qolu üçün vaxtları olmadı. İstənilən halda “Sabah” çempionluq yolunda “Qarabağ”a böyük problem yarada bilməz. Həmçinin “Neftçi” də daxil olmaqla, digər komandalar da “Sabah”a problem yarada bilməzlər.

- “Zirə” öz meydanında “Turan Tovuz”u 2:1 hesabı ilə üstələdi. Ötən mövsümdəki çıxışla müqayisədə cari mövsüm bakılıların nisbətən zəif təsir bağışladığını demək olar?

- “Zirə” aşağı-yuxarı ötənilki oyununu göstərir. Sadəcə, bu mövsüm “Sabah” fərqli nəticələr qazanır. “Zirə” bəzi görüşlərdə uduzmaqla “Neftçi”ni irəli buraxdı. Bu komanda özündən aşağı sıralarda gedən rəqiblər önündə topa sahib olur, onları məğlub etməyə çalışır. Amma turnir cədvəlinin ilk 3 pilləsində yer alan rəqiblərə qarşı çətinlik çəkir.

- “Qəbələ” də “Səbail” minimal hesabla (2:1) məğlub etdi. Ümumiyyətlə, “Zirə” ilə “Qəbələ”nin 4-cü yer uğrunda mübarizə aparacağını proqnozlaşdırmaq olar?

- Bəli, 4-cü yerə bu iki komanda iddia edəcək. “Zirə” ilə “Qəbələ”nin səviyyəsi bir-birinə yaxındır. Bölgə təmsilçisi qələbə qazanmağa borclu olduğu bəzi görüşlərdə büdrədi. “Neftçi”nin durumundan da çox şey asılıdır. Bu komandanın nəticələri, onsuz da, fiaskodur. Eniş davam edərsə, “Zirə” ilə “Qəbələ” 3-cü yerə də iddia edə bilər. “Neftçi”də bundan sonrakı proseslərin buna təsiri böyük olacaq. Bu klub nə “Zirə”dən, nə də “Qəbələ”dən bir baş üstün görünür. Düzdür, heyət, büdcə baxımından “Neftçi” onları çox üstələyir. Çətin görünsə də, 6-8 xalı aradan qaldırmaq mümkünsüz deyil. “Neftçi”nin bu futbolçularla 3-cü yerdən də aşağı düşməsi sonuncu yeri tutmağa bərabər olar. Onsuz da, 3-cülük də fiaskodur. “Neftçi” kimi komandanın çempionluq uğrunda mübarizə aparmaması istənilən halda uğursuzluqdur.

- İlk 15 turda fiaskoya uğrayan “Sumqayıt” ilk qələbəsini 16-cı turda “Kəpəz” üzərində səfərdə (1:0) qazandı. “Gənclik şəhəri” təmsilçisinin problemi nədir?

- “Sumqayıt”ın son matçlarında dirçəliş hiss olunur. “Qəbələ” ilə oyunda da yaxşı təsir bağışlamışdılar. Çempionatda “Qəbələ” və ölkə kubokunda “Kəpəz”lə görüşdə xeyli qol imkanlarını boşa vermişdilər. Samir Abasovun gəlişindən sonra “Sumqayıt”da irəliləyiş var. Məncə, “Sumqayıt”la bağlı gələcəyə nikbin baxmaq olar. Göstərilən oyun belə düşünməyə vadar edir. Düşünürəm ki, Samir fasilədən sonra öz fəlsəfəsini kollektivə daha yaxşı diktə edəcək. Bu komanda daha yaxşısını bacarar. Bizim də istəyimiz odur ki, həm aşağı pillələrdə, həm də üst sıralarda qərarlaşan klublar arasında sona qədər güclü rəqabət olsun.

 

 

KAMAL RZA