"Sabah"la danışıqlar aparmaq üçün keçən həftəsonu Bakıya gələn "Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayev artıq Rusiyaya qayıdıb. Bakı kubunun idman direktoru İqor Ponomaryov Sport24.az-a açıqlamasında 38 yaşlı rusiyalı mütəxəssisin ölkəmizdə çox az müddətdə olduğunu diqqətimizə çatdırıb.

Onun sözlərinə görə, yeni baş məşqçi məsələsi hələ də açıq qalır: "Musayevlə danışıqlarımız oldu. İndi o da fikirləşir, biz də. Ümumiyyətlə, düşünürük yeni baş məşqçi məsələsi haqda və bu yöndə digər namizədlərlə də görüşmək lazımdı. Hazırda hər şey sakitdi. Hələ ki komandanın "sükanı arxası"nda mən olmalı, məşqləri mən keçməli oluram. Bu gün ilk məşqimiz oldu son turdan sonra. Artıq "Qəbələ"ylə səfər matçına hazırlığa başlamışıq".

Xatırladaq ki, Ramin Quliyev baş məşqçi postundan öz istəyilə istefa verəndən sonra "Sabah"ı oyuna çıxaran 61 yaşlı Ponomaryov cari mövsümdə ilk qələbəni qazandırıb. Bu, evdə "Sumqayıt" üzərində böyükhesablı - 3:0-lıq qalibiyyət olub.

 

MEHMAN SÜLEYMANOV