Misli Premyer Liqasının XX turunda ən çox müzakirə olunan oyun "Qəbələ" – "Sabah" qarşılaşması oldu. "Bayquşlar" çətin Qəbələ səfərindən 3 xalla qayıtmağı bacardı. Ancaq görüşün axarından çox meydan sahiblərinin qolunun hakim tərəfindən qeydə alınmaması gündəmi zəbt etdi. Əksəriyyət qonaqların qələbəni hakimin sayəsində əldə etdiyini bildirir, "qırmızı-qaralar"ın məğlubiyyətə layiq olmadığını qeyd edir.

Bəli, "Qəbələ" pis oynamadı, xüsusilə ikinci yarının sonlarında rəqibi qapısına doğru sıxışdırmağı bacarmışdı. Və bunun da nəticəsi olaraq, 87-ci dəqiqədə meydan sahibləri bərabərlik qolunu vurdular. Lakin VAR-dan gələn siqnal baş hakim Rauf Cabarovu monitora tərəf getməyə vadar etdi. O, isə təxminən 3 dəqiqəyə yaxın epizodu incəlikdən sonra, "Qəbələ"nin oyunçusunun əllə oynadığına işarə edərək qolu qeydə almadı. Və belədə "Sabah" hesabına növbəti 3 xalı yazdırdı.

Bu gün hamı "Sabah"ı yıxıb-sürüyür, dünənki matçda qələbəyə layiq olmadığını bildirir. Maraqlıdır, tutaq ki, hakim, VAR-da oturanlar səhv qərar veriblər. Bunda Valdas Dambrauskasın komandasının nə günühı var? Buna görə "Sabah" çempionluğa layiq deyil" yazmaq nə dərəcədə doğrudur?

Uzun illərdən sonra məhz "Sabah"ın sayəsində Misli Premyer Liqasında çempionuluq uğrunda "Qarabağ"la rəqabət aparan komanda izləyirik. Masazır təmsilçisi istər heyəti, istərsə də sərgilədiyi oyuna görə, yalnız xoş sözlərə layiqdir. Dambrauskasın gəlişindən sonra "Sabah" intibah dövrünə qədəm qoyub. Ötən illərdə qış fasiləsində artıq hamı Qurban Qurbanovun komandasının çempion olacağını əminliklə söyləyirdi. Ancaq cari mövsümdə hər şey fərqlidir. Kimin sonda "qızıl"ı boynundan asacağını heç kəs indidən deyə bilməz.

Bəlkə də sonra təcrübə sözünü deyəcək, ağdamlılar yenə çempion olacaq. Ancaq bu gün üçün Premyer Liqada intriqanın olmasına, qızıl medallar uğrunda gərgin mübarizənin yaşanmasının səbəbkarı məhz "Sabah"dı. Gəlin etriaf edək ki, "bayquşlar" monoton Premyer Liqaya bu il rəng qatmağı bacarıblar. Hakim səhvi isə həmişə olub, var və olacaq da. Buna görə, hansısa klubu ittiham etmək, nəyəsə layiq deyil, söyləmək düzgün çıxmır.

P.S. Hər kəs gördüyünü iddia edir və əks mövqedə olanı qərəzli sayır. Qərəzsizik, məhz ona görə də hakimin haqlı və ya haqsız olduğunu söyləmirik. Doğrudan da mübahisəli epizoddu.

P.S. Xəyal Əliyevin forvard kimi kəşf edilməsi də "hakimlərin sayəsində" baş tutub?