"Cavid Tağıyev MOİK-lə yoxlama matçımızda ayaq barmağından zədələndi. Amma rentgen müayinəsi yarımmüdafiəçimizdə ciddi bir problemin olmadığını göstərdi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev bildirib.

Onun sözlərinə görə, "Keşlə"yə dünənki matçda iştirak etməyən, hazırda dincələn təcrübəli futbolçusu Cavid Tağıyevin ayaq barmağında möhkəm əzilmə olub: "Buna görə 3-4 gün çəkəcək sağalmağı. Kiçik barmağıdı, sınıq, çat aşkarlanmayıb. sadəcə, bərk əzilib. Hələ 2 gündü heç nə eləmir Cavid, yalnız velosiped sürür. Yəqin, 1-2 gün də gözləyəcəyik məşqlərə başlamasını. Sabah onsuz da istirahətdəyik. Yığışanda biləcəyik Tağıyevin vəziyyətini".

"Səbail"da ən ağır zədəli isə heyətində ən yaşlı futbolçu olan Şəhriyar Rəhimovdu. Belə ki. 34 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə 1 dəqiqə olsun belə meydanda olmayıb. Halbuki, Turan Manafovun Yunanıstanın "Olimpiakos" (Volos) klubuna cari mövsümün sonunadək icarəyə verilməsindən sonra "dənizçilər"də müdafiənin sol cinahında boşluq yaranıb. Rəhimov 1 illik fasilədən sonra qayıtdığı "Səbail"lə keçən yay Tiflisdə təlim-məşq toplanışı keçsə də, Bakıya qayıtdıqdan sonra qasıq nahiyəsində yaranan problem gözlənildiyindən də ciddi olub: "Nəticədə Şəhriyar xeyli vaxtdı məşq etmir - nə toplu, nə də topsuz. Hazırda da müalicəsi davam edir. Həkimlər hələ ki əməliyyata lüzum görmürlər. Çünki müalicəsi bir az effekt verib".

 

 

MEHMAN SÜLEYMANOV