"Maliyyə problemlərinə görə komanda bir araya gələndən bəri maaş almamışıq. Buna baxmayaraq, peşəkar futbolçular olaraq məşqlərdə və oyunlarda iştirakımızı davam etdiririk". Bu sözləri Sport24.az-a açıqlamasında "Mingəçevir"in futbolçusu Roman Hüseynov deyib.

Komandanın kapitanı maliyyə problemlərinin futbolçuların motivasiyasına və kollektivin çıxışına təsir etdiyini bildirib:

"Ancaq maliyyə problemləri futbolçuların motivasiyasına təsir edir və bu da öz növbəsində komandanın əhval-ruhiyyəsində özünü göstərir. Elə futbolçular var ki, uzaq məsafədən gəlirlər. Belə vəziyyətdə maliyyə çətinliklərinin olması onlar üçün əlavə problemlər yaradır. Bu çətinliklər komandanın çıxışına da təsir göstərir. Futbolda hər şey puldan ibarət olmasa da, maliyyə problemi varsa, təbii ki, əhval-ruhiyyə aşağı düşür. Kapitan olaraq bu məsələ ilə bağlı baş məşqçi ilə söhbətim olub. Rəhbərlik baş məşqçi ilə, o da bizimlə bizimlə danışır. Çalışırlar ki, problem həllini tapsın və vəziyyət düzəlsin. Çünki Mingəçevir şəhəri hazırkı duruma layiq deyil. İstəyirik ki, komanda layiq olduğu yerdə olsun və bu problemlər arxada qalsın".

Qeyd edək ki, ilk 4 oyunda 1 xal qazanan "Mingəçevir" turnir cədəvlində 9-cu pillədə qərarlaşıb. Spor24.az oktyabrın 12-də klubun futbolçulara borcunun olduğunu yazmışdı.