"San Marino bizə qarşı yaxşı mübarizə apardı. Rəqib UEFA-nın reytinq cədvəlində bizdən aşağıda olsa da, yaxşı futbol sərgilədilər".

 

Bu sözləri Sport24.az-a açıqlamasında millimizin futbolçusu Rəhman Daşdəmirov deyib.

 

27 yaşlı müdafiəçi yığmamızın San Marino millisi üzərindəki qələbəsini şərh edib:

 

"İlk qolu buraxandan sonra komandada təlaş var idi. Uduzmaqdan qorxurduq. Bu, əsasən Maltaya məğlubiyyətdən sonra yaranmışdı. Həm də təlim məşq toplanışı ağır keçirdi. Şükür ki, qələbə qazandıq. Qolu mən vurdum, ya Renat Dadaşov? Dəqiqlik ilə incələmək lazımdır. Məncə, mən vurdum, Renatın fikrincə o. İlk hissədə daha bir qol vura bilərdim, alınmadı. Millətlər Liqasındakı qarşılaşmalara ümidliyik. Bundan daha yaxşı oynamalıyıq".

 

Qeyd edək ki, Azərbaycan San Marino qarşılaşması yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.