Milli komandamızın 2 futbolçusu U-21 yığmasının düşərgəsinə yollanıb. Sport24.az xəbər verir ki, müdafiəçi Cəlal Hüseynovla ("Arda", Bolqarıstan) yarımmüdafiəçi Nəriman Axundzadə ("Qarabağ") AVRO-2024-ün seçmə mərhələsinə yekun vuran Belçika yığmasıyla Brüsseldəki görüşdən sonra İspaniyaya üz tutublar.

Belə ki, onlar Samir Əliyevin komandasına Ukrayna U-21-i ilə rəsmi matçda görüşəcəyi Mursiya şəhərində qoşulacaq.

Bu addımı atmaq futbolçuların öz təşəbbüsləri olub ki, onlar keçən ayda da bunu etmişdilər. Sadəcə, onda "Qəbələ"nin yarımmmüdafiəçisi Emil Səfərov da U-21-ə getmişdi. Emil bu dəfə də əsas yığmaya çağırılsa da, zədədən sonra tam hazır olmadığından matçlarda adı iştirak ərizəsində belə olmadı.

İsveç və Belçika ilə matçlarda millinin heyətində olan, lakin meydana çıxmayan "Sabah"ın qapıçısı Yusif İmanov da U-21-in üzvü sayılır. Lakin Əliyev sərəncamında 3 qapıçı olduğundan, 4-cüyə lüzum görməyib və bu üzdən Yusif Cəlal və Nərimanla birgə İspaniya yolçusu olmayıb.

Xatırladaq ki, AVRO-2025-nin seçmə mərhələsində olan Ukrayna - Azərbaycan matçı sabah Bakı vaxtiə saat 22:00-da keçiriləcək. 

 

 

MEHMAN SÜLEYMANOV