Yaxın vaxtlarda Premyer Liqanın daha bir təmsilçisi yeni sponsoruna qovuşacaq. Sport24.az xəbər verir ki, söhbət "Kəpəz"dən gedir.
Redaksiyamıza daxil olan məlumta əsasən, bu günə kimi yalnız AFFA-nın ayırdığı maliyyə hesabına ayaq üstə qalan "sarı-göylər"in düşərgəsində yeni himayədarın gəlişi ilə əlaqədar sənədləşmə prosesinə start verilib. Yeni sponsor ilk vaxtlar kluba müəyyən qədər maliyyə ayırmağı düşünürsə, bir müddətdən sonra ümumiyyətə, "Kəpəz"in təsisçisi olmağı planlaşdırır. Klubu çətiri altına almağı fikirləşən yeni himayədarın rəhbərlik səviyyəsində də dəyişiklik edəcəyi gözlənilir.
Ancaq qeyd etdiyimiz kimi hələ ki, yola sponsor kimi qədəm qoyur. Sənədləşmə məsələsi də yaxın vaxtlarda həll olunmalıdır. Bunun üçün isə klubun İdarə Heyətinin üzvlərinin də "əl dəyişikliynə" razılığı olmalıdır. Bizə ötürülən bilgiyə görə, İdarə Heyətinin üzvləri sözügedən məsələyə "ok" veriblər. Yalnız Mehman Allahverdiyev lazımi sənədlərə imzasını atmayıb. Gəncə futbolunda sözünü demiş mütəxəssis yeni sponsorla danışıqlarda özünün gələcəyi ilə bağlı "alış-veriş" etməyi düşünür. Bu prosesin nə qədər davam edəcəyi isə tələb və təklifdən asılıdır...