"Əziyyətimizin bəhrəsini yavaş-yavaş görməyə başlayırıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın futbolçusu Mehdi Rəsulov deyib.
İkinci Liqada mövsümün başa çatmasına 6 tur qalmasına baxmayaraq, "Şahdağ Qusar" Birinci Liqaya vəsiqəni təmin edib. Qusar təmsilçisinin futbolçusu mövsümün əvvəlində qarşılarına çempionluq hədəfi qoyulduğunu da bildirib:
"Birinci ilə müqayisədə ikinci dövrə daha çətin keçir. Səbəbi isə məğlub olmamağımızdır. Bütün komandalar bunu bilir, bizə qarşı oyuna xüsusi motivasiya ilə çıxırlar. Bunu dərk edirik və yerdə qalan 6 matça da final kimi çıxacayıq. Birinci Liqaya vəsiqə qazandıq, amma əsas işimiz hələ qarşıdadır. Mövsüm başlamazdan əvvəl məqsədimiz çempion olmaq idi. İndi hər şey özümüzdən asılıdır. Növbəti oyunlarda qalib gələrək, I Liqaya çempion kimi yüksəlmək istəyirik".
Qeyd edək ki, aktivində 58 xal olan "Şahdağ Qusar" 20 turdan sonra turnir cədvəlinin zirvəsində qərarlaşıb.