"Sabah" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda meydanı məğlub tərk etdi.

Danimarkada "Orhus"a 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu istədiyi nəticəni qazana bilməsə də, ortaya qoyduğu oyun gələcəyə nikbin baxmağa əsas verir.

Bəzən tablo hər şeyi əks etdirmir və bu qarşılaşma da məhz belə oyunlardan biri oldu. "Sabah" xüsusilə matçın böyük hissəsində rəqibindən çəkinmədiyini nümayiş etdirdi. Topa nəzarətdə, hücumların təşkilində və yaradılan qol vəziyyətlərinin sayında Valdas Dambrauskasın komandası heç də geri qalmırdı. Əksinə, bir çox məqamlarda oyuna diktə edən tərəf məhz Azərbaycan təmsilçisi idi. Elə buna görə də cavab qarşılaşması öncəsi nikbin olmaq üçün kifayət qədər səbəb var.

Bu, "Sabah"ın Çempionlar Liqasındakı ilk məğlubiyyəti oldu. Təbii ki, uduzmaq heç vaxt xoş deyil. Ancaq elə oyunlar da olur ki, nəticədən çox meydandakı görüntü gələcək barədə fikir formalaşdırır. Danimarkadakı 90 dəqiqə göstərdi ki, bu cütün taleyi hələ qətiyyən həll olunmayıb.

İlk hissədə "Sabah" istədiyi ritmi tuta bilmədi. Futbolçuların bəzi epizodlarda qərar verməkdə gecikməsi və diqqət çatışmazlığı hiss olunurdu. Lakin baxt keçdikcə komanda öz futbolunu oynamağa başladı. Xüsusilə ikinci hissədə hücumlar daha təhlükəli alındı və "Orhus" müdafiəsi dəfələrlə ciddi təzyiq altında qaldı.

Yenə də əsas problem son nöqtənin qoyulmaması idi. "Sabah" qol vəziyyətləri yaratmaqda çətinlik çəkmir. Problem həmin epizodları nəticəyə çevirməkdədir. Bu səviyyədə isə istifadə olunmayan hər fürsət rəqibin xeyrinə işləyir. Dambrauskasın cavab oyununadək üzərində ən çox işləməli olduğu məqam da məhz budur. Hücum xəttində effektivlik artsa, komandanın mərhələ keçmək şansı daha da yüksələcək.

Üstəlik, "Orhus" da cavab oyununa ideal vəziyyətdə gəlmir. Danimarka təmsilçisi son həftələrdə kifayət qədər ağır qrafiklə üzləşib. "Lex"lə iki gərgin qarşılaşma, ölkə çempionatındakı oyunlar və "Sabah"a qarşı keçirilən 90 dəqiqə futbolçuların fiziki yükünü artırıb. İlk matç zamanı bir neçə oyunçunun zədələnməsi də bunun təsadüfi olmadığını göstərdi.

Bununla da iş bitmir. "Orhus"u həftəsonu daha bir çempionat qarşılaşması gözləyir. Ardınca isə uzun səfərə çıxaraq Bakıya gələcəklər. Belə sıx təqvim həm fiziki yorğunluq yaradır, həm də psixoloji baxımdan komandaya təsirsiz ötüşmür. Üstəlik, onlar ilk oyunda "Sabah"ın nə qədər təhlükəli rəqib olduğunu öz gözləri ilə gördülər. Bu dəfə Masazıra daha ehtiyatlı və daha çox təzyiq altında gələcəkləri şübhə doğurmur.

Doğma meydanda keçiriləcək cavab qarşılaşması isə tamamilə fərqli ssenari vəd edir. Azarkeş dəstəyi, tanış mühit və ilk oyunda nümayiş etdirilən futbol göstərir ki, "Sabah"ın bu cütün taleyini dəyişmək üçün kifayət qədər gücü var. Bir top fərqi müasir futbolda böyük üstünlük hesab edilmir və bunu aradan qaldırmaq mümkündür.

Ən sevindirici məqam isə "Sabah"ın meydanda özünəinamlı görünməsi idi. Komanda rəqibindən çəkinmədi, əksinə, bir çox epizodlarda üstün futbol nümayiş etdirdi. Bu, cavab oyunu üçün həm futbolçulara, həm də azarkeşlərə əlavə motivasiya verir.

Bəzən uğura aparan yol yalnız keyfiyyətdən keçmir. İnam, xarakter və düzgün yanaşma da ən az futbol bacarığı qədər önəmlidir. "Sabah" Danimarkadakı oyunu ilə həmin inamı qazandı.

Bu mərhələ hələ bitməyib...

Və "Sabah"ın pley-offa yüksəlməsi üçün bütün şanslar hələ də öz əlindədir.