"Neftçi" və "Qarabağ"ın heyətinə qatmaq istədiyi braziliyalı futbolçu Dieqo Rosa Azərbaycandakı həmyerlilərindən məsləhət alıb. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Hazırda Kiprin APOEL klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi Azərbaycanda oynamağa maraq göstərir. Ölkəmizə mümkün keçidini dəyərləndirən futbolçu qərar verməzdən əvvəl burada çıxış edən braziliyalı həmkarlarının fikirlərini öyrənmək istəyib.

Bu məqsədlə Dieqo Rosa "Neftçi"nin futbolçusu Breno Almeyda və "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə əlaqə saxlayıb. O, həmyerlilərindən Azərbaycan futbolu, ölkədəki şərait və klublardakı vəziyyətlə bağlı məlumat almağa çalışıb.

Braziliyalı oyunçunun karyerası ilə bağlı yekun qərarını avqustun sonunadək verəcəyi bildirilir.

Qeyd edək ki, Dieqo Rosa 2021-2023-cü illərdə "Mançester Siti" klubuna məxsus olsa da, müxtəlif klublara icarəyə verilib.