"Çempionluq həmişə sevindiricidi. Ən çox futbolçulara görə sevinirik. Düzdür, "Neftçi"nin adı var. Onu da nəzərə alaq ki, bu, əvəzedicilərin çempionatı yox, I Diviziondu. Bunlar fərqli-fərqli şeylərdi. Komandanı bu uğur münasibətilə təbrik elədik - özümüz də, rəhbərlik də. Uşaqların haqqı idi ki, bu mövsüm çempion olsunlar, buna da nail oldular". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanov deyib.

I Divizionun sonuna 2 tur qalmış qalib artıq müəyyənləşib. Belə ki, evdə 1:0 hesabıyla qalib gələn "ağ-qaralar" tarixində ilk dəfə buna nail olub. Özü də Qurbanov buna doğma şəhərinin - Gəncəni təmsil edən, özünün ilk klubu olan, futbolçu kimi tanındığı "Kəpəz" üzərində qələbəylə olub: "Elə alındı ki, çempionluq qazandığımız matç bu komandayla oldu. Əlbəttə, "Kəpəz" heç vaxt sıradan komanda ola bilməz. Çətin qarşılaşma oldu, ancaq futbolçularımız yaxşı oynayıb qalib gəldilər. Bu, sadəcə, təsadüf idi ki, çempionluq bu rəqiblə oyunda oldu".

Məlumdu ki, Qurbanov 11 dəfə çempion olmaqla Azərbaycanın ən titullu futbolçusu olaraq qalır. Bəs, məşqçi kimi ilk qızıl medal kolleksiyasında hansı yeri tutacaq? Qurbanovu dinləyək: "Açığı, uşaqlara görə daha çox sevinirəm ki, çəkdiləri əziyyətin bəhrəsini gördülər. Öz sevincimə gəlincə, normal oldu. Çempionluqda hamımızın rolu olub. Futbolçularsız da nailiyyət mümkün deyil. Düşünürəm ki, ən böyük rol onlardadı. Bəli, məşqçi kimi ilk qızıl medalımdı. İki il əvvəl "Neftçi-2"də bürünc medalım olmuşdu. 3-cü mövsümümdə isə "qızıl" gəldi. Tarixdə qalır nəticə - bunadək futbolçu kimi çempionluqlarım qalıb, indi də baş məşqi kimi. Əlbəttə, xüsusi yeri olacaq. Yaxşıdı ki, çempion olduq". 

Futbolumuzun "Professor"undan gələcək planlarını da soruşduq. O, əvəzedici komandada, I Divizionda missiyasını başa çatmış sayırmı? Bu qələbəylə Premyer Liqada işləməyə layiq olmasıyla bağlı mesaj göndərirmi?: "Bunu deyə bilmərəm. Baş məşqçilərlə bağlı klub rəhbərləri qərara gəlirlər. Mənim üçün demək çətindi. Qismət olsa, işləyərəm. Hazırda belə bir plan yoxdu, qarşıda hələ 2 oyunumuz var çempionatda. Başa vuraq, sonrasını bilmirik, görək necə olacaq. Təbii ki, hər bir insan qabağa getmək, karyera qurmaq istəyir. Baxırsan adam bir işlə kifayətlənmir, işləyə-işləyə başqa işə də fokuslanır. Bizdə də həmin şeydi. Hər şey istədiyimizlə də olmur. Qabağa getmək lazımdı karyera üçün. Müqaviləm bitir və "Neftçi-2 ilə bağlı hələ qərar verməmişəm. Çempionat bitsin, bundan sonra qərarımı açıqlayaram inşallah". 

 

 

 

MEHMAN SÜLEYMANOV