"Emreli düşərgəmizdə olmasa da, hələ də bizim oyunçudu". Sport24.az xəbər verir ki, bu fikirləri "Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışarkən deyib.

42 yaşlı serbiyalı mütəxəssis millimizin hücumçusunun Varşava təmsilçisi ilə müqaviləsinin olduğunu xatırladıb: "Başa düşməlisiniz ki, belə vəziyyətdə daha çox oyunçu cəlb etmək asan deyil. Amma komandamızdakı futbolçulara baxanda panikaya düşmürəm. Çünki onların bir çoxu hücum xəttində bizə fayda verə bilən oyunçulardı. İnanıram ki, etimadı doğruldacaqlar. Mahirin yerinə başqa hücumçumuz olmadığı üçün şikayətlənmək istəmirəm".

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb və müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına çalışır. 25 yaşlı orvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.