Konfrans Liqasının qrup mərhələsinin III turu çərçivəsində bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" matçı tarixə düşəcək. Sport24.az xəbər verir ki, bu, Azərbaycanla Qazaxıstanın avrokuboklarda ilk qarşılaşması olacaq. Belə ki, bunadək nəinki "Kayrat", heç bir qazax klubu qitəmiqyaslı turnirlərdə bizimlə oynamayıb. 

Ancaq Almatı təmsilçisinin baş məşqçisi Kurban Berdıyev avrokuboklarda bizimlə yolları kəsişib. Özü də məhz qrup mərhələsində. Təbii ki, UEFA-nın yeni turniri olduğundan Konfrans Liqasında yox, Avropa Liqasında. Azərbaycan avrokuboklarda qrupda təmsil olunduğu ilk mövsümdə - 2012/13-də Berdıyevin baş məşqçsi olduğu Rusiyanın "Rubin" klubu məhz mərkəzi arenada "Neftçi"yə 1:0 hesabıyla qalib gəlib. Kazan klubu evdə də həmin hesablı qələbəyə sevinmişdi. 

"Kayrat"ın təcrübəli braziliyalı hücumçusu Vaqner Lav da bizə avrokuboklardan tanışdı. Ən maraqlısı odur ki, hazırda 37 yaşı olan bu forvard Avropada ilk qolunu məhz Azərbaycan klubuna vurub. Bu, 17 il əvvəl Çempionlar Liqasında (ÇL) Moskva MOİK-inin heyətində həmin "Neftçi"yə olub. Vaqnerin ordu klubunda debütü 2004-сü il avqustun 4-də Moskvada "Neftçi" ilə ÇL-nin II təsnifat mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin matçın 46-cı dəqiqəsində meydana çıxmış "sambaçı" 72-ci dəqiqədə fərqlənərək, komandasının 2:0 hesablı qələbəsində və mərhələ adalamasında pay sahibi olub. Lav Bakıda qolsuz bərabərliklə nəticələnən ilk matça özünü çatdıra bilməmişdi. 

Maraqlıdı ki, Vaqner "Dinamo" stadionundakı həmin matçda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla rəqib olub. Lavın azərbaycanlı həmkarı onda "Neftçi"nin kapitanı idi. 

“Qarabağ” və “Kayrat”da əvvəllər fərqli klublarda rəqib olan oyunçular var. Belə ki, Ağdam klubunun heyətində avrokuboklarda hələ oynamaq imkanı olmayan millimizin qapıçısı Emil Balayev əvvəllər “Kayrat”a qarşı çıxış edib. Bu, “Tobol”un heyətində çıxış etdiyi zaman baş tutub. Balayev 2019-cu ildə XIX turda keçirilən görüşdə qapısından 5 qol buraxaraq, komandasının “Kayrat”a 3:5 hesablı məğlubiyyətinin iştirakçılarından olub. "Qarabağ"ın milliləşdirilən braziliyalı yarımmüdafiəçi Riçard Almeyda isə "Astana"da çıxış etdiyi dövrdən almatalıları yaxşı tanıyır. 

"Kayrat"da da “Qarabağ”a qarşı ilk dəfə çıxış etməyəcək futbolçu var. Belə ki, kamerunlu müdafiəçisi Maki Banyak 2018/19 mövsümündə “Olimpiya”nın heyətində ÇL-nin I təsnifat mərhələsində çıxış edib. Banyak komandasının Bakıdakı qolsuz bərabərliyinin, Lyublyanada 0:1 hesabı ilə məğlubiyyətinin iştirakçısıdı.

Onu da bildirək ki, "Kayrat" SSRİ çempionatları dövründə Bakıya dəfələrlə səfər edib, Respublika stadionunda çıxış edib. Bunlardan ən ağır məğlubiyyətlərdən biri 1987-ci il mövsümündə "Neftçi"dən 0:6 hesabıyla olub.