"Turan Tovuz" Misli Premyer Liqasının 18-ci turunda doğma meydanda "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- İki fərqli hissə izlədik. İlk yarıda oyunçularım çox həyəcanlandılar, lazım olan aqressiyanı göstrərə bilmədilər. İkinci hissədə daha aktiv və aqressiv oynadıq. İkinci yarıda oyundan razı qaldım. Futbolçular aktiv idi, yaxşı oynayırdılar deyə, əvəzetmələr etmədim. Son dəqiqələrdə zədəsi olmasına baxmayaraq, Roderik Millieri oyuna buraxdıq. O da özünü yaxşı göstərdi.

 

- Ayxan Hüseynovun son vaxtlar oynamamasının səbəbi nədir?

- Kimin oynamasının fərqi yoxdur. Kim yaxşı oynayırsa, onu da meydana buraxırıq. Meydanda olanlar yaxşı oynadı deyə, bu gün dəyişikliklər etmədim.

 

- Qış fasiləsinə 3-cü yerdə yollandız. Nəticəni necə hesab edirsiz?

- Mövsümün əvvəlində bunu məndən soruşsaydılar, deyərdim yaxşı nəticədir. Amma elə oyunlar oldu ki, lazımsız xallar itirdik.