"Sabah"ın braziliyalı yarımmüdafiəçisi Kristian Da Silva Azərbaycan Premyer Liqasının cari mövsümünün yekunlarına görə komandasının avrokuboklara düşmək şanslarından danışıb. Sport24.az xəbər verir ki, "iG Esportes"ə açıqlama verən "bayquşlar"ın legioneri yenidən avrokuboklarda iştirak etmək istədiklərini bildirib: 

 

"Azərbaycan Premyer Liqasında avrokuboklara vəsiqə qazanmaq üçün üç yer var: çempion Çempionlar Liqasına, ikinci və üçüncü yerləri tutan komandalar isə Konfrans Liqasında çıxış edəcək. Kuboku qazanan komanda isə Avropa Liqsına yollanacaq. Ötən mövsüm Konfrans Liqasına vəsiqə vəsiqə qazana bildik. Təəssüf ki, qrup mərhələsinə düşməyi bacarmadıq. Bu mövsüm məqsədimiz yenidən avrokuboklara vəsiqə qazanmaqdır. "Sabah" üçün çox vacibdir. 

 

İndi biz mövsümün son mərhələsinə qədəm qoyduq və hər oyun həlledicidir. Səhv edə bilmərik. Güclü, təcrübəli komandamız var, ona görə də hər matça final oyunu kimi yanaşmalı və mümkün qədər çox xal toplamağa çalışmalıyıq. Bilirik ki, asan olmayacaq, ciddi rəqiblərimiz var. Amma biz çalışırıq ki, avrokuboklara vəsiqə qazanaq".