Premyer Liqamızda üçüncü dövrənin son turu baş məşqçi duelləri baxımından diqqət çəkir. Bununla bağlı maraqlı məqamlar yetərincədi ki, sizə təqdim etdiyimiz yazı onlara toxunacağıq.

Məlumdu ki, açılış matçında Aftandil Hacıyevlə Rəşad Sadıqov qarşılaşdı. Bu iki keçmiş mərkəz müdafiəçisi uzun illər klub və milli səviyyəsində bir yerdə çıxış ediblər. Sonradan isə onların yolları məşqçi kimi kəsişib. Məsələ ondadır ki, Sadıqovun bu sahədı ilk addımlarını atdığı "Qarabağ"ın U-19 komandasında və U-21 yığmamızda köməkçisi məhz Hacıyev olub. Sonuncy məhz 21 yaşlılarda işini yarımçıq qoyaraq 2018-ci ilin yayında "Səbail"in baş məşqçi postuna keçdi və Premyer Liqada debütü mövsümündə bürünc mükafat qazanaraq klubun tarixinə ilk medal baxımından düşdü. Ancaq Hacıyev Sadıqovu hələ də məğlub edə bilməyib. Yeri gəlmişkən, Sadıqov Premyer Liqada ilk qələbəsini məhz "Səbail" üzərində qazanıb - Bayılda 1:0.

"Neftçi" - "Sumqayıt" duelində rəqiblər - Samir Abasovla Ayxan Abbasovun da futbolçu kimi komanda yoldaşı olması olub. Ancaq burda əsas məqam xələf-sələf söhbətidi. Axı, "Zirə"ni avrokuboklara çıxaran hələ ki yeganə baş məşqçi olan Abbasovun bu klubda xələfi məhz Abasov olub. Abbasov ilk dəfə Kubokun finalına vəsiqə qazananda, bununla "Sumqayıt"ın da tarixə düşəndə məhz Abasovlu "Zirə"ni keçib - yarımfinalda evdə 0:0, səfərdə 3:3. Abasov "Neftçi"ni çalışdırdığı bu 6 ayda hələ ki qarşılaşmadığı yeganə rəqib məhz "Sumqayıt"dı. Hansı ki baş məşqçi kimi Premyer Liqada ilk klubu olub və orda uğurlu işiyə tanınıb.

"Sabah"ın cari mövsümün sonunadək baş məşqçisi olacaq Ramin Quliyev ona çox yaxşı tanış, məşqçilik karyerasında ilk klubu olmuş "Qəbələ"ylə görüşəcək. O, bu klubda U-17 və əvəzedici komandalarda baş məşqçi olaraq onlara çempionluq qazandırıb. Ardından isə "Qəbələ"nin əsas komandasına keçərək ukraynalı baş məşqçi Roman Qriqorçukun köməkçilərindən biri olub. Həmin "Qəbələ"nin hazırkı baş məşqçisi olan Elmar Baxşıyevin də Quliyevlə yolları elə "qırmızı-qaralar"da kəsişib. Əvvəla, Quliyev əvəzedicilərə köməkçi kimi məhz Baxşıyevi dəvət edib. Bu, 2015-ci ildə olub və məşqçilik karyerasına “Neftçi”nin U-19 komandasında başlayan Baxşıyev futbolu karyerasını bitirdiyi "Qəbələ"yə məşqçi kimi qayıdıb. Quliyev əsas komandaya gedəndən sonra əvəzedicilərə baş məşqçi məhz Baxşıyev təyin olunub. Baxşıyevin əsas komandaya gedişi isə Quliyevin "Qəbələ"dən ayrılmasından - U-17 yığmamıza baş məşqçi postuna gedişindən sonra reallaşıb. Bununla Baxşıyev də Qriqorçukun köməkçisi olub. Təbii ki, bu gənc mütəxəssislər də komanda yoldaşı olublar - həm klubda, həm də millidə.

Nəhayət, həmsoyadların - Qurbanovların dueli. Bu keçmiş mərkəz hücumçularının millidə bir yerdə çıxış etməsi olub. Sənan Qurbanovun baş məşqçi kimi Premyer Liqada ilk matçı 2014/15 mövsümündə qış fasiləsinə az qalmış məhz Qurbanovlu "Qarabağ"la olub. Qəbələdəki bu matç gözlənilmədən meydan sahiblərinin qələbəsiylə nəticələnib - 2:1. Bu, Qriqorçukun təyinatı zamanı idi ki, onunla rəsmi müqavilə imzalanandan sonra ikinci dövrənin son 3 matçına komandanı baş məşqçi əvəzi kimi Qurbanov çıxardı. O, "Keşlə"yə baş məşqçi təyin olunduqdan sonra hələ ki qarşılaşmadığı yeganə komanda məhz "Qarabağ"dı. 

 

 

MEHMAN SÜLEYMANOV