Azərbaycan futbolunda xeyli sayda bəh-bəhli qərarlar var. Onlardan biri də “süni mayalanma”dı. Söhbət milliləşdirilən futbolçulardan gedir. Bu mövzu ortaya çıxan kimi ilk daşlanan “Sumqayıt” olur. Siyahıya nəzər saldıqda İrandan gələnlər - Əli Qurbani, Səid Rza, Höccət Haqverdi, Rusiyadan pənah gətirənlər - Rəhim Sadıxov, Elvin Bədəlov və Cəmaləddin Xocaniyazov, Ukraynada dünyaya göz açmış Murad Xaçayev yada düşür. Burda daha bir mühüm məqam var ki, buna da toxunmağa zərurət duyuruq. Bunun üçün digər klublara da boylanmağa zərurət var.

Çempion “Neftçi”nin heyətində əvvəllər cibində başqa ölkənin pasportunu daşımış 2 futbolçu var - Emin Mahmudov (Rusiya) və Mert Çelik (Türkiyə). Son vitse-çempion “Qarabağ”da bu say daha çoxdu: Şahrudin Məhəmmədəliyev, Emil Balayev, Bədavi Hüseynov və Ramil Şeydayev Rusiyada boya-başa çatıblar, Riçard Almeyda Braziliyada, Filip Ozobiç isə Xorvatiyada.

Digər komandalarda da bu cür hallara rast gəlmək mümkündü. “Zirə”də Mehdi Cənnətov, “Sabah”da Rustəm Samiqullin, İldar Alekperov, Aleksey İsayev, Camal Cəfərov, “Səbail”də Məhəmməd Mirzəbəyov Rusiyada dünyaya gəliblər. Göründüyü kimi, milliləşmə prosesində “Qəbələ” və “Keşlə”nin adı hallanmadı. Ancaq bu, indiki mövsümdə belədi. Ötən illər əlbəttə ki, fərqli durum yaşanıb. Beləcə, aydın olur ki, legioner limiti gərəksiz bir pərdədi. Müxtəlif mövsümlərdə bu və ya digər klubda milliləşmiş oyunçu sayı daha çox olub. Fikrimizcə, Azərbaycan kimi ölkədə limit yalnız süni xarakter daşıya bilər. Bu səbəbdən də (hazırkı vəziyyətə uyğun) “Keşlə” və “Qəbələ” “süni mayalanma” imtiyazı olmadan mübarizə aparmaq məcburiyyətində ki, belədə, ədalət prinsipləri kobud şəkildə pozulmuş olur.

Bütün sadaladıqlarımızı toplum şəklinə saldıqda hansısa çıxış yolu da göstərməliyik. Məsələn, AFFA və PFL “iki ayağını bir başmağa dirəsə” ki, limiti ləğv etmirik, onda yerli statusu ilə heç olmasa, heyətdə əvvəllər qeyri-Azərbaycan pasportu daşımış maksimum 1 oyunçunun meydana çıxmasına icazə verilsin.

Məsələyə fərqli prizmalardan da yanaşmaq olar. Məsələn, hansısa klub “pasportu varsa, istəyərəm 10 milliləşmiş oynadaram” iddiası ilə çıxış edə bilər. Amma onda bu klub “biz Azərbaycan futbolunun inkişafı naminə çalışırıq” tipli pafoslu açıqlama verməsin.

 

 

CEYHUN ƏLİYEV