Premyer Liqamızda çempionluq mübarizəsi gərgin şəkildə davam edir. Təsadüfi deyil ki, "Qarabağ"la "Neftçi" daha şərikli lider olmasalar da, aradakı xal fərqi cəmi 1-di. Əslində, bürünc medal, avrokuboklara 4-cü vəsiqə, habelə, son pillədə olmamaq uğrunda da gərgin mübarizəyə şahidik. Bütün bunlarla bağlı XX turdan başlayaraq Səbuhi Səfiyarlının fikriləriylə görüşünüzə gəlirik. İşlədiyi "Neftçi", "İnter"lə (hazırkı "Keşlə") və "Qəbələ"ylə titullar, çoxsaylı mükafatlar qazanan, iki dəfə Avropa Liqasının qrup həyəcanını yasamış tanınmış futbol agentlərimizdən olan keçmiş həmkarımız yenə turdan öncə dəyərləndirmələr aparacaq, ehtimallarını irəli sürəcək. 

"Çempionatın artıq son turlarıdı. Çempionluğa oynayan hər iki komandanın demək olar xal itirmək şansı yoxdu. Xal itirmək çempionluq mübarizəsindən az qala əl çəkmək kimi bir şeydi hazırkı vəziyyətdə. Ona görə saytınıza fikirlərimi açıqladığım bu qədər müddətdə ilk dəfə olaraq çətinlik çəkirəm hansısa bir proqnozu verməyə. Bəli, əvvəlki oyunlarda hansısa təxminlərdə yanılmış ola bilərik. Hansısa təxminlərimiz hakim səhvlərindən, yaxud hansısa futbolçuların zədələnməsi üzündən baş tutmamış ola bilər. Amma ən azından iki matçdan birinin nəticəsini düzgün ehtimal edə bilirdik. Bu tur isə elə elə qarşılaşmalardı ki, hansısa fikir formalaşdırmaq olmur. Çünki hər iki tərəf həm xal itirə bilər, həm də qalib gələ.

Düzdür, aydın məsələdi ki, son turlarda oyunlardan, ustalıq səviyyəsindən daha çox istək həlledici rol oynayır. Hansısa komanda daha çox istəsə, o da qalib gəlib bu son son mərhələdəki görüşlərdə. Çünki artıq mövsümün sonudu, futbolçular əsasən fiziki cəhətdən artıq yorulublar, həmçinin psixoloji planda da. Təsadüfi deyil ki, məşqçilər belə dövrdə daha çox yüngül məşqlərlə kifayətlənirlər, atmosferi. əhval-ruhiyyəni qaldıran məşqlərdən daha çox istifadə edirlər. Çünki komandanı bu formada tonusda saxlamaq üçün əsasən əhval-ruhiyyə vacibdi. İnanmıram ki, çempionluğa oynayanlarda - "Qarabağ"da, yaxud "Neftçi"də əhval-ruhiyyə yerində olmasın. Buna görə hər iki komandanın qələbəyə oynayacağı, qələbəyə kökləndiyi dəqiqdi. Buna nail olmaq üçün hər şey edəcəklər.

Amma bu, hansı şəkildə alınacaq, onu ehtimal etmək çox çətindi. Çünki "Neftçi" ardıcıl 2-ci matç süni örtükdə oynayacaq. Bilirik ki, "Səbail"lə bir az çətin oynayır. 2021-ci ildə qış fasiləsindən sonra Bayıldakı matç da yadımızdadı. "Neftçi" onda oyun üstünülüyünü əldə eləməsə də, futbolçularının fərdi ustalığı hesabına qalib gələ bilməmişdi. Yenə bu ehtimal ola bilər - oyun üstünlüyündənmi, daha çox istəkdənmi "Neftçi" ö üstünlüyü əldə edə bilər.

Və bir məsələ var ki, "Qarabağ"dan bir gün əvvəl oynayır "Neftçii". Bu gün göstərəcəyi nəticə rəqibinə birbaşa təsir edəcək. Təni, "Neftçi" qalib gəlsə, "Qarabağ" da sabah nəyin bahasına olur-olsun buna nail olmağa çalıaşacaq. Mövsümün son qarşılaşması kimi oynayacaq, o cür kökənəcək. "Neftçi"nin xal itirmək variantında isə "Qaradağ"da hardasa arxayınlıq ola bilər ki, udmasaq da, yenə üstünlüyümüzü qoruya bilirik çempionluq mübarizəsində. Əks təqdirdə mütləq qalib gəlməlidi. Buna görə bugünkü görüşün nəticəsi sabahkı "Qarabağ"ın oyununa təsir göstərəcək. "Sabah" da artıq göstərib ki, Ramin Quliyevin gəlişindən sonra komandada çox şey dəyişib. Həm əhval-ruhiyyə yaxşıdı, həm oyun planında dəyişikliklər, irəliləyişlər var, həm də futbolçuların oyun formaları yüksəlib. Buna görə "Sabah" da yaxşı formadadı və "Qarabağ"a asan olmayacaq qalib gəlmək. Bir sözlə, "Neftçi"nin bugünkü nəticəsindən "Qarabağ"ın sabahkı oyunu, nəticəsi asılı olacaq".