Almaniyanın məşhur "Kicker" nəşri Avropanın milli çempionatlarının qalibləri barədə yazıda "Qarabağ"dan da bəhs edib. Sport24.az xəbər verir ki, yazıda ağdamlıların erkən çempionluğu vurğulanıb.

 

Leverkuzen "Bayer"inin tarixində ilk çempionluğunu qeyd edən mətbu orqan "Qarabağ"ın mövsümün sonuna bir neçə tur qalmış rekord çempion olduğunu yazıb: "Azərbaycan və Uels çempionları rekorda imza atıblar. Ağdam klubu 11-ci dəfə "qızıl"a sahib çıxıb. Qafqaz ölkəsində mövsümün başa çatmasına 6 tur qalmasına baxmayaraq, "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"ni 25 xal qabaqlayır. "Nyu Seynts" isə Uels çempionatında ötən il qazandığı titulu qoryub. Bu komanda "Bayer" kimi mövsümü məğlubiyyətsiz davam etdirir. "Nyu Seynts" 22 oyunun 20-də qələbə qazanıb".

 

Qeyd edək ki, "Qarabağ" 2023/2024 mövsümünün bitməsinə 8 tur qalmış Azərbaycan çempionu olub. Almaniya Bundesliqasında isə "Bayer" 29 turdan sonra 79 xal toplayaraq, çempionluğunu rəsmiləşdirib.