Misli Premyer Liqasının XXV turunda bu gün keçiriləcək "Kəpəz" – "Qarabağ" oyunu tərəflər arasında ölkə çempionatları tarixində 64-cü qarşılaşma olacaq. Sport24.az-ın məlumatına görə, əvvəlki 63 matçın 36-da Ağdam təmsilçisi, 15-də isə Gəncə klubu qələbə qazanıb. 12 görüşdə qalib müəyyənləşməyib.

Top fərqində də "Qarabağ"ın üstünlüyü açıq-aşkardır – 103:63.

Ağdam klubunun bu rəqibə qarşı diqqətçəkən seriyası da var. Cari ilin əvvəlində "Azersun Arena"da məğlub olmasına baxmayaraq, "Qarabağ" səfərdə "Kəpəz"ə qarşı son 18 matçda uduzmayıb.

Gəncə təmsilçisinin rəqib üzərində evdəki son qələbəsi isə 2002-ci ilə təsadüf edir. Həmin vaxt "sarı-göylər" aprelin 6-da keçirilən görüşdə "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.

Hazırda "Kəpəz" ev oyunlarını Gəncədə keçirə bilmədiyi üçün rəqiblərini Yevlax şəhər stadionunda qəbul edir.

Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" qarşılaşması bu gün saat 15:00-da start götürəcək.