"Yeni mövsümə hazırlığımız yaxşı keçir. Məşqlərimiz əsasən fiziki gücün artırılmasına yönəlib. Artıq gündə iki dəfə məşq edirik. İnanıram ki, çempionat başlayanda çəkdiyimiz zəhmətin bəhrəsini meydanda görəcəyik". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Əli Səmədov deyib.
Komandanın kapitanı yeni mövsümün hazırlıqları barədə danışıb:
"Azər Məmmədovun gəlişindən sonra komandada əhval-ruhiyyə daha da yüksəlib. Azər müəllimi uzun illərdir tanıyıram və onunla işləmək xoşdur. Hədəfimiz ötən mövsümlə müqayisədə daha uğurlu nəticə əldə etməkdir. Mümkün qədər turnir cədvəlində düşmə zonasından uzaq olub, rahat və baxımlı futbol oynamaq istəyirik. Yeni mövsümdən etibarən ev oyunlarımızı Gəncə şəhər stadionunda keçirəcəyik. Bu da bizim üçün əlavə motivasiyadır. İnanıram ki, çempionat vaxtı tribunalar dolu olacaq. Gəncəli azarkeşlər hər zaman tələbkar və çılğın olublar. Onların qarşısında oynamaq hər bir futbolçu üçün böyük zövqdür. Premyer Liqanın başlamasını səbirsizliklə gözləyirik".
Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.