"Bizim üçün üzücü məğlubiyyət oldu". Bu sözləri Sport24.az-a "Kəpəz"in futbolçusu Rauf Hüseynli deyib.
26 yaşlı müdafiəçi "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının 32 turunun oyunu ilə bağlı danışıb:
"Qələbə qazanmaq istəyirdik. Sadəcə, meydanda istədiyimiz oyunu tam olaraq sərgiləyə bilmədik".
Hüseynli Gəncə təmsilçisinin cari mövsümdəki çıxışına da toxunub:
"Yaxşı matçlarımız olub. Güclü komandalara qalib gəlmişik. Onlara qarşı yaxşı oyun sərgiləmişik. Yadda qalan məqamlar çoxdur. Şükürlər olsun ki, minimum hədəfə çatmağı bacardıq".
Mövsümün sonunda müqaviləsi başa çatan oyunçu klubdakı taleyi barədə də danışıb:
"Hələ ki, son oyunumuz qalıb. Hazırda "Neftçi" ilə matçı düşünürəm. Fikrimi yalnız ora yönəltmişəm. Psixoloji olaraq ağır mövsüm keçirdik. Ona görə hələ ki, gələcək karyeram barədə düşünməmişəm. "Neftçi" ilə matçdan sonra hər şey bilinəcək".