"Kəpəz" azarkeşləri klub rəhbərliyi ilə bağlı daha bir iddia irəli sürüblər. Hələlik adının açıqlanmasını istəməyən fanat qrupu bu barədə Sport24.az-a müraciət edib.

Azarkeşlərin iddiasına görə, bölgə təmsilçisinin yeni rəhbərliyi Gəncə şəhər stadionunun icarə haqqı ilə bağlı açıqladığı məbləğ reallığı əks etdirmir.

Fanatların sözlərinə əsasən, klub rəhbərliyi stadionun aylıq icarə haqqının 12 min manat olduğunu bildirib. Onlar isə bunun həqiqəti əks etdirmədiyini və "Kəpəz"in Gəncə stadionundan istifadə üçün Gənclər və İdman Nazirliyinə aylıq 5 min manat ödədiyini iddia edirlər.

Beləliklə, azarkeşlər stadionun icarə haqqı ilə bağlı açıqlanan rəqəmlə faktiki ödəniş arasında ciddi fərq olduğunu bildirirlər.

Sport24.az olaraq məsələ ilə bağlı qarşı tərəfin – "Kəpəz" klubunun rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.