"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze komandanın yeni transferlərinin işə yanaşmasından razıdır. Sport24.az xəbər verir ki, gürcüstanlı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

 

O, hazırlıq üçün Qəbələdə hər cür şəraitin olduğunu deyib:

 

"Yanvarın 4-dən təlim-məşq toplanışına başlamışıq. "Yüklənmələr" çoxdur. Qəbələdə hazırlıq keçmək üçün əla şərait var, bu səbəbdən heç yerə getmədik. Burada hər şey bizi qane edir: meydanların vəziyyəti, istirahət etmək imkanları. Bu baxımdan hər şey yaxşıdır. İlk yoxlama oyununu "Kəpəz"ə qarşı keçirdik və qalib gəldik. Aydın məsələdir ki, səhvlər çox oldu. Birinci oyun idi. Hesab edirik ki, daha yaxşı çıxış etməliyik. Hamının vaxtı azdır, təxminən iki həftədən sonra çempionat başlayır. Odur ki, qısa vaxt ərzində həm fiziki, həm də oyun kondisiyalarımızı bərpa etməliyik. Çempionata yaxşı hazırlaşıb bizim üçün çox vacib olan xalları qazanmalıyıq".

 

Gürcüstanlı mütəxəssis "Kəpəz"lə oyunda debüt edib qol vuran yeni transfer İsmael Akinadenin də çıxışını dəyərləndirib:

 

"Ona "Kəpəz"lə oyunda şans verdik. Aydın məsələdir ki, hələ vaxta ehtiyacı var. Xüsusən də hücumameyilli futbolçulara uyğunlaşmaq üçün daha çox vaxt tələb olunur. Müdafiəçi Seydina Keyta isə, təəssüf ki, xəstələnmişdi. Bu səbəbdən iki gün məşqlərdə iştirak edə bilmədi. "Kəpəz"lə oyunda risk edib onu oynatmadıq. Yeni transferlərin işə yanaşmasından razıyıq. Əsas odur ki, komandaya tez uyğunlaşsınlar. Hər ikisi təcrübəli futbolçudur. İnanıram ki, qısa vaxt ərzində komandaya uyğunlaşacaqlar".

 

K.Sxadadze transfer çalışmalarının davam etdiyini bildirib:

 

"Bəzi mövqelər var ki, onları gücləndirməliyik və bunun üzərində işləyirik. Klubumuzun direktoru Səbuhi Səfiyarlı bu məsələlər üzərində səylə çalışır. Bu istiqamətdə işlərimizi diqqətlə davam etdiririk. Çünki səhvə yol vermək olmaz. Ümid edirəm ki, qısa vaxt ərzində transferləri yekunlaşdıracağıq və yeni gələnlər komandaya qoşulub uyğunlaşacaqlar. Qarşıda daha iki oyunumuz var - yanvarın 14-də "Araz-Naxçıvan", 18-də isə "Baku Sportinq"lə qarşılaşacağıq. İnanıram ki, hər şey yaxşı olacaq".