"Hazırda transfer çalışmaları davam edir. Məşqçiıər heyəti ilə birgə məqsədimiz keyfiyyətli və komandaya fayda verəcək futbolçuları heyətə cəlb etməkdir". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın icraçı direktoru Elvin Əjdərli deyib.
Futbol funksioneri yeni baş məşqçi Ramiz Məmmədovun işbirliyindən danışıb:
"Müəyyən futbolçularla danışıqlar aparılır. Bütün işlər yekunlaşandan sonra klub tərəfindən rəsmi açıqlama veriləcək. Ramiz Məmmədovla uzunmüddətli inkişaf və klubun strategiyasına uyğun əməkdaşlıq barədə razılığa gəlmişik. Daxili məsələ olduğu üçün müqavilənin detalları barədə danışmaq istəmirəm. Əsas hədəfimiz qarşılıqlı etimada əsaslanan uğurlu əməkdaşlıqdır. İnanırıq ki bu il yenidən Premyer Liqaya qayıdacağıq".
Əjdərli növbəti mövsüm üçün komandanın hədəflərindən söz açıb:
"Yeni mövsümə çox böyük hədəflərlə hazırlaşırıq. Klub olaraq kifayət qədər ciddi büdcə formalaşdırmışıq və bu vəsait təkcə komandanın gücləndirilməsinə deyil, həm də uzunmüddətli inkişaf strategiyasına yönəlib. Məqsədimiz sadəcə uğurlu mövsüm keçirmək deyil, Premyer Liqa standartlarına tam cavab verən, sabit və güclü bir klub formalaşdırmaqdır. Eyni zamanda infrastruktur istiqamətində də investisiyalar həyata keçiririk. Yeni təbii ot örtüklü stadionumuzun drenaj sistemi artıq tamamlanmaq üzrədir, 2 min nəfərlik tribunaların təməl işlərinə başlanılıb və tikinti sürətlə davam edir. Planımız odur ki, Premyer Liqaya qayıdacağımız vaxt klubumuz öz doğma, müasir və UEFA standartlarına uyğun stadionunda azarkeşlərini qəbul etsin. Biz heç nəyi təsadüfə buraxmırıq. Komandanın komplektləşdirilməsi, məşq prosesi, akademiya, infrastruktur və idarəetmə – bütün istiqamətlər üzrə Premyer Liqa səviyyəsində klub qururuq. Qarşıdakı mövsümdə meydanda da bunu nəticələrimizlə sübut etmək istəyirik. Karvanın adına və tarixinə layiq olan yer Premyer Liqadır və bizim əsas hədəfimiz də ora qayıtmaq yox, qayıdıb uzun illər Azərbaycan futbolunun aparıcı klublarından birinə çevrilməkdir".
Qeyd edək ki, "Karvan-Yevlax" ötən mövsüm elitada sonuncu pilləni tutaraq Birinci Liqaya yuvarlanıb.