Premyer Liqamızda son 3 turda məğlubiyyətləri sıralayan "Neftçi" nəhayət, buna qoya bildi. Bu, "Səbail" üzərində evdə çətin, minimal hesablı qələbə ilə əldə olundu. "Bakcell Arena"dakı həmin görüşdə əsas diqqətçəkən məqamlardan biri qonaqların kapitanı Rahid Əmirquliyevin ehtiyatda qalıb yalnız 89-cu dəqiqədə meydana daxil olması oldu. 32 yaşlı yarımmüdafiəçi ilə söhbətimiz bu və digər məqamlarla bağlı oldu.  

- Kapitanın "Neftçi" kimi güclü rəqiblə səfər matçında ehtiyatda qalıb yalnız son dəqiqələrdə meydana çıxmağı gözlənilməz oldu. Bunu nəylə əlaqələndirərdin? Hansısa zədə, yaxud başqa problem vardı?

- Düzdür, oyuna son dəqiqələrdə girdim. Bu, sırf baş məşqçinin qərarıdı ki, ona da hörmətlə yanaşıram. Ancaq burda başqa bir problem yoxdu - nə zədə, nə də başqa şey. Sırf baş məşqçinin belə qərarı olub ki, məni ehtiyatda saxlayıb.

- Ehtiyatda qalan futbolçu deyilsən. Şəxsən mənim yadıma gəlmir ki, bu, son dəfə nə vaxt olub. Özü də belə vacib oyunda meydanda olmağın daha məqsədəuyğun idi. Özün üçün nə qədər gözlənilməz oldu baş məşqçiniz Aftandil Hacıyevin qərarı? Həm də son vaxtlar daim əvəzlənməyin fiziki cəhətdən çatdırmamaqla bağlıdı, yoxsa necə?

- Gözlənilsə də, mənim üçün gözlənilməz olsa da, sırf baş məşqçinin qərarıdı və ona hörmətlə yanaşıram. Doğrudu, axırıncı 2-3 oyunda əsas heyətdə meydana çıxsam da, sonradan məni əvəzləyirdi. Bu da baş məşqçinin qərarıdı. Ancaq deməzdim ki, fiziki hazırlığımda nəsə problem vardı. Bu, məndə heç vaxt olmayıb. Özümü də fiziki planda yaxşı hiss edirəm. Baş məşqçinin qərarlarını özündən soruşsanız, məncə, doğru cavab verər. Ondan özüm soruşmamışam və yenə deyirəm ki, verdiyi qərarlara hörmətlə yanaşmışam.

- Daha çox kənardan izlədiyin "Neftçi"ylə matçı necə şərh edərdin? Yəqin, rəqibin hazırkı durumunda siz də nəticəyə ümildi idiniz. Buna nail olmağa nə çatmadı? Rəqibin ustalıq səviyyəsi həlledici oldu?

- Bəli, son turlarda "Neftçi" də uduzurdu, biz də. İstəyirdik ki. bu oyundan ən azı 1 xalla ayrılaq. Təəssüflər olsun ki, alınmadı. Matça gəlincə, "Neftçi" bizdən üstün oynadı. Ani bir səhvdən qol buraxdıq. Ümumi götürdükdə, rəqibdə ustalıq səviyyəsi göründü.

- Son pillədə gedən komandanızda ab-hava necədi? Nəyə ümid edirsiniz? Maddi planda yubanmalar nə qədərdi? Bu amil oyununuza, motivasiyanıza nə dərəcədə təsir göstərir?

- Dalbadal uduzanda komandada ab-hava əlbəttə, yaxşı olmur. Ancaq çalışırıq ki, bu atmosfer yaxşı olsun, oyunlara yaxşı hazırlaşaq. Bizdə maaşlarda bir az gecikmə var. Düzdür, çox deyil. Ancaq istənilən halda, ardıcıl məğlubiyyətlər və maaşların yubanması komandaya pis göstərir. Bununla belə, çalışırıq ki, belə şeylərə fikir verməyək, oyuna çıxaq, əlimizdən gələni edək ki, yaxşı nəticə olsun. Ümumilikdə komandada ab-hava pis deyil, normaldı.

- Bəs, baş məşqçinizin son 3 turda "texniki zona"da olmağa nə dərəcədə təsir göstərir oyununuza? Çünki tribuna ilə meydan arasında məsafə az olduğundan ordan da sizlərə təlimatlar vermək mümkündü...

- Əlbəttə, baş məşqçi ehtiyat oyunçular skamyasında olsaydı, daha yaxşı, onun üçün tapşırıqlar vermək daha rahat olardı. Bu zaman oyunçunu yanına çağırıb lazımı nələrisə deyə bilərdi. Amma belədi ki, skamyanın yanında deyil, onun üstündədi və ordan da tapşırıqlar verə bilir. Buna görə düşünürəm ki, bu, oyuna təsir edən problem deyil, problem olmamalıdı. 

- Son vaxtlar hamı, elə komandanız da qazonunuzdan şikayətlənir. Kapitanın buna şərhi maraqlı olardı...

- Meydançamız əlbəttə, çox pis vəziyyətdədi. Düzdür, orda məcburi məşqlərimizi edirik. Çünki məşq eləməyə stadionumuz yoxdi. O qazonda məşqdən oyundan sonra diz, bel, bədənin hər yeri ağrıyır. Həm də meydançanın durumu bizim üçün əlavə yükləmədi. İnanıram ki, tez bir zamanda bu problemi həll edəcəklər, qazonu dəyişəcəklər. Tək biz yox, bütün komandalar meydançamızdan şikayətçidi. Ancaq ən çox əziyyət çəkən bizik. Çünki həftədə 5-6 gün o meydançada məşq edirik. O bir komandalar isə gəlib bir məşq edib, bir oyun oynayıb gedirlər. Biz isə bütün həftə orda olduğumuzdan əziyyət çəkən də bizik. 

 

 

MEHMAN SÜLEYMANOV