1992-ci ildən başlayan Azərbaycan milli çempionatlarının bütün mövsümlərinin iştirakçısı, hər zaman diqqət mərkəzində olan "Neftçi". Son dəfə 2014-cü ildə ölkə çempionu adını qazanan "ağ-qaralar" cari mövsümdə qış çempionu olub. Düzdür, potensial lider "Qarabağ" olsa da, hər halda, flaqmanın da çempionluq mübarizəsində olacağı gözləniləndi. 2018-ci ilin fevralından klubun prezident postunu tutan, bu müddətdə 1 bürünc, 2 gümüş medalı olan Kamran Quliyevlə görüşərək aldığımız geniş müsahibədə təkcə əsas komanda yox, ümumi klubun durumu, gələcək perspektiv və planlar haqda söhbətləşdik. 

 

- Cari mövsüm hələ tam yarı olmasa da, biz artıq iki fərqli "Neftçi" görmüşük. Səbəb yalnız baş məşqçi dəyişikliyi idi?
- Xeyr. Səbəbin tək baş məşqçi ilə əlaqədar olduğunu deyə bilmərəm. Hər məşqçinin komandaya öz töhvəsi olub, komanda üzərində öz əməyi olub. Ümumiyyətlə, ötən mövsümlə müqayisədə komandada dəyişikliklər etdik. Bəzi aparıcı futbolçular komandanı tərk etdi. Bəzilərinin müqaviləsi başa çatdı, bəziləri ilə məcbur olduq ki, vaxtından əvvəl vidalaşaq. Yəqin ki, mövsümün əvvəlində vitse-prezidentimizin "Neftçi" TV-də olan çıxışını izləmisiz. Bizdə maliyyə şərtləri dəyişdi və bəzi futbolçulardan imtina etməli olduq. Bu da təbii ki, təsirsiz ötüşə bilməzdi. Komandaya yeni futbolçular cəlb olundu.​ Tez bir zamanda onların üzərində işləmək də mümkün olmur. Füzuli Məmmədov müəyyən qədər iş gördü və indi də Samir Abasov davam edir. Bizə zaman lazım idi. Biz düşündüyümüz, görmək istədiyimiz oyunu hələ ki, yenilərdən görmürük. Samir Abasov üzərinə düşəni edir, müəyyən işlər görülür və zamanla biz həmin oyunçulardan istədiyimizi ala biləcəyik.

 

- Bütün bu prosesin bitməyinə təxmini nə qədər zaman lazımdır?
- Hər məşqçinin öz iş üslubu var. Məşqçi var 6 ay vaxt istəyir, məşqçi var bir il. Zaman göstərəcək. "Neftçi" Samir Abasovun karyerasında ilk böyük və böyük hədəfləri olan klubdur. Azərbaycanın böyük klubudur və burda çalışmaq asan deyil. "Neftçi"nin "daşı çox ağırdır", bilirsiz (gülür). Məşqçi üçün də, futbolçular üçün də nə qədər vaxt lazımdır bilə bilmərik. Birində alına bilər, digərində yox. Dünənki oyunda gördünüz (red: "Keşlə"yə qarşı yoxlama matçı nəzərdə tutulur) bəziləri nəyə qadirdir, bəzilərini ümumiyyətlə görmək olmur. Laval hələ də gəlib komandaya qoşulmayıb. Bu çətinlik də pandemiya ilə bağlı tək bizdə yox, digər klublarda da var.​ Baş məşqçi oyundan sonra qeyd edib ki, "Neftçi" tam hazır deyil. Ola bilər ki, fevral ayının sonları ya martın ortasına kimi komanda istədiyimiz pik həddə çata bilər.

 

- Qeyd etdiniz ki, Samir Abasovun ilk böyük klubudur. Haqlısız. Buna baxmayaraq 4 tur ərzində ​10 xal qazanmaqla "Neftçi" son 4 oyuna görə liderdir. Samir Abasov ən yaxşı nəticəninin sahibidir. "Sumqayıt"da da birlikdə çalışmısız. Abasovun hansı xüsusi bacarığını qeyd edərsiz?
- Elə adamlar var ki, bildiklərini, sirlərini gizli saxlayırlar. "Daxili mətbəx" deyilən bir anlayış var. Samirdə isə elə deyil. Nə var deyir. Hər şey göz qabağındadır. Onun çılğınlığı, futbol anlayışı və istər futbolçular, istərsə də texniki heyətlə ünsiyyət qurmaq bacarığı - hamısı üzdədi. İnanıram ki, istedadı "Neftçi"də işləməyə imkan verəcək. Eyni zamanda "Neftçi"də işləmək də onun biliyini, təcrübəsini artıracaq. Abasovda təməl var və biz də kömək edəcəyik ki, bu istedad özünü göstərsin.

 

- Baş məşqçi dəyişikliyindən  sonra Mirabdullanın oyununda da müsbət dönüş var. Son iki turda meydanda öldü, birində isə 2 qol vurdu, dünən də "Keşlə"nin qapısına yol tapdı. Bu sıraya Buqrini də əlavə edərdim. "Keşlə"yə qarşı oyunda görünən o oldu ki, Buqrin artıq nə üçün alındığını isbatlamağa başlayıb. Dediniz Samir Abasovun nəyi var üzdədir. Buna baxmayaraq, Mirabdullanın, Buqrinin bu qədər artırmasının daxildə bir sirri də var mütləq...
- Düzdür, mən Samir Abasov, Fizuli Məmmədov kimi mütəxəssis olmasam da, öz fikrimi deyim ki, siz də gördünüz, psixoloji, fiziki amilləri də qoyuram kənara, komandada sistem tam dəyişib.​ Tam fərqli futbol müşahidə olunur. Futbolçular daha çox özlərinə doğma olan mövqelərdə oynayırlar. Emin Mahmudov daha sərbəstdir. Halbuki bir neçə ay əvvəl sırf dayaq yarımmüdafiəçisi oynayırdı və özündə olan yaradıcılıq qabiliyyətini tam aça bilmirdi. Məhdudiyyətlər var idi. Etiraf edək ki, Füzuli Məmmədovun dönəmində də bəzi oyunlarımız çox gözəl alınmışdı. Ötən mövsüm "Qarabağ"la səfər oyunumuz, "Sabah"la görüşümüz. Hesabı bir kənara qoyaq, mən oyun komponentlərindən danışıram. Mövsümün əvvəlində də bir neçə yaxşı oyunumuz oldu. "Qalatasaray"a qarşı oyunda da komanda vuruşdu, qol epizodları yaratdı. Oyun mənzərəsi var idi. Sadəcə, ola bilər ki, Samir Abasov bu futbolçulara uyğun düzgün açar tapıb. Düzdür, yoldaşlıq oyunu çempionat oyunu deyil. Ona görə də indidən tərifləmək çox tezdir. Yoldaşlıq oyunundan fərqli olaraq çempionat oyununa hazırlıq da fərqli olur, oyunçuların motivasiyası da. Buna görə də indidən geniş perspektivlərə söykənən planlar cızmayaq. Görünən odur ki, futbolçular özlərinə doğma olan mövqelərdə oynamağa başlayıblar. İstər Emin, İstər Buqrin. Mirabdullaya gəldikdə isə, baxmayaraq ki, "Neftçi" yetirməsidir, onu "Sumqayıt"da Samir Abasov üzə çıxarıb. O vaxt biz "Sumqayıt"da çalışanda mən Mirabdullanı tanımırdım belə. Samir Abasov yeni komanda quranda məndən xahiş etdi ki, onu icarəyə götürək. Elə də oldu və biz nəticə də gördük. Səhv etmirəmsə 8 ya 9 qol vurdu. Ona inanan Samir Abasov oldu. Bilirsiniz, elə oyunçular var ki, ona yaxın olan, güvənən məşqçisinə görə meydanda çıxıb canını qoyar. Bu baxımdan düşünürəm ki, Mirabdulla da öz məşqçisinə qovuşdu. Bəlkə bunun özü də bir nəticədir.

 

- İdman direktoru postu Ceyhun Sultanov üçün biçilmisdi? Bu vəzifəyə ondan sonra yeni təyinat olacaq, yoxsa bu mövzü bağlıdır?
- Bir az tarixə qayıdaq. "Neftçi"də həmin post Ceyhun Sultanova qədər də olub. Vəli Qasımov orda işləyib. Biz Ceyhun Sultanov üçün xüsusi vəzifə yaratmamışıq. Hazırda həmin vəzifə vakantdır. Yaxın həftələrdə ora kiminsə təyin olunması gözlənilmir.

 

- Başı bəlalı baza. Bəlkə oranı falçıya göstərəsiz ki, nə vaxt bəxtinin açılacağını desin?
- Gəlin, o qədər də qabartmayaq. Bizim klub olaraq həyatımızı, hadisələri "Neftçi TV"-də ən çox elə siz şərh edirsiz. Siz və saytınızın digər əməkdaşı Mehman Süleymanov tez-tez bizim TV-nin qonağı olursuz. Yəni siz o bazada olmusuz axı. Sadəcə, kameralar əks istiqamətdən çəkiliş apardığı üçün elə görünür. Rəsmi isə mən sizə deyim ki, bizdə bazanın, daha doğrusu sırf binanın üzlüyü mart ayına kimi hazır olacaq. Daha sonra daxildə təmir işləri başlayacaq. Yaxın həftələrdə isə akademiya binasının təməli qoyulacaq. Başı bəlalı deyil, amma hələ ki, bizim üçün ürək ağrısıdır. Binanı demək olar ki, bitirmişik. Bilirsiz, küləkli havada işləmək çətindir. Küləkdən, pis hava şəraitindən savayı əngəlimiz yoxdur. Novruz bayramına qədər, ola bilər ondan bir neçə gün sonra biz binanın fasadını tam hazır edəcəyik. Daha sonra bir mərhələ qalır. Binanın içinin təmiri, səliqəsi.

 

- Akademiya necə?
- Biz artıq akademiyanın binası üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişik. Onlar sənədləri göndəriblər Fövqəladə Hallar Nazirliyinə. Nazirlikdən bir ay müddətində lazımı icazə sənədi yenidən Dövlət Komitəsinə göndəriləcək və bütün bunlar 40-45 gün vaxt tələb edir. Bundan sonra isə akademiyanın tikintisinə başlayacağıq.

 

- Bütün bu layihələr 2021-ci ilin sonuna kimi bitər?
- İnanmıram. Akademiya bitə bilər. Bina özü isə 10 min kvadrat metrə qədərdir. Razılaşın ki, heç də kiçik ölçü deyil. 6 mərtəbədən ibarətdir. Ora sadəcə, suvaq vurduq, rənglədik və köçdük - belə edə bilmərik. Ora 83 yaşlı klubun evidir. Biz onu necə gəldi, başdansovdu edə bilmərik. Düzdür, tikinti çoxdan başlayıb. Aktiv fazaya isə 2018-ci ildə keçdik. 2019-cu ildə müəyyən fasilə yarandı. 2019-da elə çox iş görülmədi. 2018, 2020 və 2021. 3 ildir ki, gözləyirik. İndi daha ilyarım gözləyə bilmərik? Daxili təmir isə çox uzun prosesdir. Sanballı bir iş görmək istəyirik.

 

- Hazırda "Qəbələ" akademiyası ölkədə xüsusi göstərilir. "Neftçi" akademiyası da elə ola biləcəkmi?
- Şübhəniz olmasın. Düzdür, infrastruktur baxımdan razıyam ki, "Qəbələ" akademiyası hazırda əlçatmazdır. Bizim də 3 təbii meydançamız , 2 süni meydançamız var. Süni meydançadan biri qapalı və çox böyükdür. Ölkədə tək belə meydançadır. Həmin meydançadan səhv etmirəmsə "Qəbələ"də də var idi. Əlimizdə olan bu layihəni reallaşdırsaq, inanmıram ki, onun tayı-bərabəri olsun ölkədə.

 

- Uşaqlar orda yaşayacaqlar?
- 30 nəfərlik yatağımız olacaq . 15 otaq və hər otaqda iki uşaq qalması üçün hər şərait olacaq. Yaşayacaqlar. Yaxında olan məktəblərdə təhsil alacaqlar. Bizim tərəfimizdən ayrılan nəqliyyat vasitələri ilə məktəbə aparılıb gətiriləcəklər. Üzərlərində daimi nəzarət olacaq. Həkim nəzarəti olacaq. Tərbiyəçi olacaq. Öz balalarımız kimi qeydlərinə qalacağıq.

 

- Sırf bölgələrdən gələn uşaqlar orda qala biləcklər, yoxsa Bakıda yaşasa da, istedadlı uşaqlar da nəzarət altında qalmaq üçün orda yaşaya biləcəklər?
- Dünya praktikası belədir ki, istedad hər yerdən çıxa bilər. Təbii ki, uşaq bölgədən gəlirsə ​90-95 faiz akademiyada qalmalıdır. Digər tərəfdən, ola bilər ki, əgər Bakıda yaxın qohumu varsa onlarda qalmaq istəsin. Bu da ailənin qərarından asılıdır. Təbii ki, ilk növbədə Bakıda qalmağa yeri olmayanlar qalacaqlar. Eyni zamanda, Bakıda yaşayan və çox kasıb ailədən gələn uşaqlara da akademiyada şərait yaradıla bilər. Normal, idmançı üçün lazım olan formada qidalanma vacibdi. Fərqi yoxdur hansısa rayondandı, ya Bakıdan. Bizim prinsipimizdə bu yoxdur. Əsas odur ki, istedadlı uşaq olsun.​ O istedadlı uşaq da öz evində lazımı şəraiti görmürsə "Neftçi" ona dəstək olacaq.

 

- Əsas komandadan da danışaq. "Neftçi"də hücumçu problemi var. Bu problemi qışda həll etmək fikriniz var, yoxsa yayda daha geniş seçim etmək istəyirsiz?
- Bu istiqamətdə də iş gedir. Deyə bilmərəm qışda hücumçu tapmaq asandır ya yayda. Hər iki halda yaxşı hücumçu tapmaq çətindir. Vaxt olub ki, qışda bizə elə hücumçu təklif olunub ki, həmin vaxt bizə forvard lazım deyildi. Bəzən də yayda normal bir hücumçu tapa bilməmişik. Çətindir. Hücumçu dünyanın ən bahalı futbolçusudur. Bizim şərtlərimizə uyğun hücumçular təklif olunur. Bəzilərini biz bəyəndik, əlavə başqa çətinliklər yarandı. Yenə də bir nəfər var. Ümid edirik ki, o bir nəfəri sıralarımıza qatacağıq. Söhbət hücumçunun keyfiyyətindən də getmir. Güclü də ola bilər, bir az zəif də, amma əsas odur ki, məşqçinin istəyinə uyğun olan hücumçu gətirək. Hansı şərtlərlə? Komandamıza uyğun olanı ilə.

 

- Belə anladım ki, artıq hansısa oyunçu gözaltı edilib.
- 3-4 nəfər var. Sadəcə olaraq onlar tək bizə təklif olunmur. Bir çox klublara təklif olunublar. Onlar da bu klublar arasında seçim edirlər. Bəziləri görür ki,  bir neçə klub onunla maraqlanır, qiymətini qaldırır. Biz də son vaxtlar iqtisadi baxımdan sərt siyasət aparırıq. Çalışırıq israfa yol verməyək. Elə-belə havaya pul atmaq fikrimiz yoxdur. Yüz ölçüb, bir biçəcəyik.

 

- "Neftçi"nin bu mövsüm üçün hədəfi nədir? Samir Abasov qeyd edib ki, "Neftçi"nin qarşısında çempionluq hədəfi qoyulmayıb.
- Samir Abasov nə deyib mən yaxşı xatırlayıram. Aydın məsələdir ki, o, mövsümün əvvəlində burda deyildi. Kim istəməz çempion olsun? Mövsümün əvvəlində komanda qarşısında ən yüksək yerlər uğrunda, təbii ki, çempionluq daxil mübarizə hədəfi olub. Düzdür, Abasov noyabr ayında gəldi və həmin vaxt məhz onun qarşısına çempion olmalısan deyə bir hədəf qoyulmadı. Niyə? Çünki real deyildi. O onun öz komandası deyildi, nə də ki, komandanı tanımırdı. Sırf komandaya gəldikdə isə, fərqi yoxdu rəhbərlik kimdir, baş məşqçi kimdir. "Neftçi"nin bir hədəfi var - çempionluq. Təbii ki, bu il də o məqsəd qoyulub ki, bir titul qazanılsın: Kubok ya çempionluq. Mən hamıdan çox istəyirəm komandamızın çempion olmasını. "Neftçi" burda çalışan insanların əzmi, səyi, çalışqanlığı sayəsində gec ya tez çempion olmalıdır. Mən buna əminəm. Vaxt olacaq ki, biz burda çempion olacağıq. Ola bilər 5 ay sonra, ola bilər növbəti mövsümlərdə bu olacaq. Bu gün "Neftçi"nin getdiyi yol düzgün yoldur. Biz klub olaraq fəaliyyətimizi davam edirik və bu yol bizi çempionluğa aparacaq. Mən buna əmin olmasaydım, indi sizə başqa cür cavab verərdim. Baxmayaraq ki, ötən illərlə müqayisədə biz xərclərimizi azaltmışıq. Əsas komandamızın budcəsində 42 faizə qədər azalma olub. Ancaq bu, bizə bəhanə ola bilməz. Xərclər azalıb, iddiamız da azalsın deyə bilmərik. Bunu bizə heç kim bağışlamaz. Özüm özümü bağışlaya bilmərəm. Hazırda əsas komandanın büdcəsi 42 faiz azalsa da, "Neftçi" hər zaman olduğu kimi iddialıdır. Çünki adı var - "Neftçi". Azarkeşi var. Tarixi var. Məqsədi var. Yenə də azalma olsa, yenə də biz iddialı olacağıq.

 

- Pandemiyanın cövlan etdiyi dövrdə "Neftçi" sponsor müqavilələri bağladı... Bu anlaşmaların nəticəsində büdcə zənginləşdi, yoxsa avadanlıq əldə edildi?
- Fərqlidir. Elə şirkət var ki, birbaşa maliyyə daxil olur. Eləsi isə var ki, dolayı gəlir əldə edirik. Məsələn, "Katapult". Rəqəmləri deməyəcəm, ancaq müəyyən nüanslara toxuna bilərəm. Bizimlə onlar arasında olan şərtlər elədir ki, bütün klublar bu şərtləri ala bilməsin. Məsələ belədir ki, biz müəyyən vəsait ayırıb onlardan çox-çox bahalı bir məhsul alırıq. Onlar isə bizə böyük endirim edirlər və bu endirimin qarşılığını bizim reklam ve marketinq şöbəsi qarşılayır. Yəni biz platforma yaratmışıq. Bu platofrma da bizə imkan verir ki, istənilən miqyaslı sponsoru bura cəlb edək.

 

- "Bursaspor" klubu ilə əməkdaşlıq müqaviləsi bağlamışdınız. Bu anlaşma elə kağız üzərində qaldı, yoxsa faydasını gördünüz?
- Sizə deyim ki, o müqavilə müddətli idi. Bu gün "Neftçi TV"nin bu səviyyədə olması bizim komandanın uğurlu işindən irəli gəlir. Həmin komanda da klub televiziyasının nə olduğunu, necə olduğunu o vaxt gedib Bursada görüb. Ordan qayıtdıqdan sonra da bizim media rəhbərimiz Rüstəm Allahverdiyevin onlarla yazışmaları olub. İndi biz yeni şöbə açmışıq. Skauting - seleksiya şöbəsi. "Bursaspor"dan bizim dostlarımız var ki, onlar bu işi orda görüblər. Biz də burda onların təcrübəsindən istifadə edəcəyik. Pandemiya ölkəmizdən gedən kimi onlar gələcəklər. Orda işləmiş tanışlar var. Bursaya getdik və həqiqətən nəyisə gördük, öyrəndik. Bazada meydançaları sifariş edəndə bəzi suallarla bağlı "Bursaspor"la məsləhətləşdik. Çox köməkləri dəydi bizə. Bundan artıq nə ola bilərdi ki? Hamı bilir ki, Türkiyədə ən güclü akademiya "Altınordu" ilə "Bursaspor"dadı. Ordan da bəzi ideyalar götürdük. İndi bizdə tikiləcək binada bəzi şeyləri bəlkə ordan götürdüyümüz tərzdə həyata keçirdik.

 

- Dediniz müqavilə müddətli idi. Bitib o müqavilə?
- Bəli, müddətli idi. O müqavilədən biz daha çox qazandıq, nəinki onlar. Onların qazancı dost qazanmaq oldu. Elə hər iki tərəf dost qazandı. "Bursaspor" Türkiyənin 4 böyük klubundan sonra çempion olan, böyük bir klubdur. Böyük bir şəhərin komandasıdır. Şəhər özü də vilayət deyil. İstanbula çox yaxın məsafədə yerləşir. Razıyam ki, belə müqavilələr çox olsun. Gedək, öyrənək. Orda olanda hətta stadionda oyuna baxanda belə Rüstəm Allahverdiyev özü üçün bir çox qeydlər etdi ki, stadionda necədir, VİP tribuna necədir, sponsorlarla, gələcək potensial sponsorlarla necə işləyirlər, protokol qaydası necədir. Sadəcə olaraq bütün bunlar üçün böyük büdcə lazımdır. Bəlkə zamanla biz də onları həyata keçirə bilərik. Orda onların marketinq rəhbəri izah etdi ki, şəhərdə imkanlı ailələr var. Şəhərin 3-4 milyon əhalisi var. Hər ailədən kluba 100 türk lirəsi daxil olsa, bu klubu saxlamaq üçün kifayət qədər ciddi bir məbləğ edir. Ona görə də oyuna gələn azarkeşləri belə potensial sponsor kimi görürlər. Oyundan sonra klub rəhbərliyi səviyyəsində görüş keçirdirlər. Hətta birinci hissədən sonra şəhərin çox imkanlı tekstil kralı olan bir nəfər yığdı bütün Bursanın rəhbər şəxslərini. Bizi də dəvət etdilər. Bütün şəhər oyuna gəlir. Necə ki, bizdə "Sumqayıt"ın sloqanl var - "Böyük şəhərin tək komandası". Orda həqiqətən elədir. Böyük şəhərin tək komandasıdır.

 

- 44 günlük Vətən müharibəsi dövründə "Neftçi" ailəsi də itki verdi. Şəhid olan da oldu, qazi olan da. Onlara mənəvi dəstəkdən savayı hansısa kömək göstərildimi?
- Olacaq. Biz ailələri ziyarət etdik. O barədə ictimaiyyətə videoçarx formasında hesabat təqdim olunub. Bizim onlara ömrümüzün sonuna kimi ödənilməyəcək borcumuz var. Bu, həm şəhidlərə, həm də qazilərə aiddir. Şəhidlərimizin ailələrinə qarşı daha həssas olmalıyıq. Şəhidlərimizi görmək kimi bir şansımız yoxdur. Uca Allah onlara o qədəri seçib. Şəhidlik zirvəsi ən üst zirvədir. Allah onlara qəni-qəni rəhmət etsin. Allah qazilərimizə, döyüşçülərimizə cansağlığı versin. Allah bizim prezidentimizə, Ali Baş Komandana can sağlığı versin. Allah xalqımıza səbr versin, xalqımızı qorusun. Bu müharibədə nəinki tək Ali Baş Komandan, əsgərlər, bütün xalqımız iştirak etdi. Çox böyük arxa cəbhə var idi bizdə. Bu 44 gün ərzində dediyim kimi heç vaxt bu qədər fəxrlə mən azərbaycanlıyam deməmişdim. Bundan sonrakı dövrdə biz daim onları düşünməliyik. Nə qədər onlara dəstək olsaq da, tam borcumuzu verə bilməyəcəyik. Klub olaraq bizim də bəzi təşəbbüslərimiz var. Bu barədə danışmaq hələ təzdir. Bildiyiniz kimi dövlət tərəfindən YAŞAT fondu yaradılıb. Bununla bağlı biz də klub daxilində bəzi məsləhətləşmələr aparmışıq və o fondun xətti ilə, xüsusən bizim camiəmizdən gedib qayıtmayan ​ və ya yaralı qayıdanların ailələrinə dəstək olacağıq. Təbii ki, söhbət tək mənəvi dəstəkdən getmir.​

CEYHUN ƏLİYEV