"Araz-Naxçıvan"ın belçikalı legioneri İsmayıl Azzaui Sport24.az-a müsahibə verib. 26 yaşlı futbolçu "Sabah" məğlub olduqları oyunu şərh etməklə yanaşı, bizi maraqlandıran başqa sualları da cavablandırıb..


- "Sabah"la oyunda pis təsir bağışlamasaz da, 90 dəqiqənin tamamında məğlub olduz. İstədiyiniz nəticəni əldə etmək üçün nə çatmadı?
- Oyundan öncə şanslar yarıbayarıydı.
Elə 90 dəqiqə ərzində də hər iki tərəfin qələbə qazanmaq şansları qalırdı. Sadəcə, rəqibin erkən qol vurandan sonra müdafiə və orta sahədə yaxşı qapanması işimizi çətinə saldı. Ümumi götürəndə meydanda yaxşı mübarizə apardıq. Sadəcə, hesab xeyrimizə olmadı.


- Komanda uzun müddət idi "qara zolaq"da idi. Hələ də onun təsiri qalıb?
- Qətiyyən belə düşünmürəm. Məşqlərdə çox çalışırıq. Məşqçi korpusunun irad və tapşırıqlarına diqqətlə qulaq asırıq. Oyun planında da artırdığımızı düşünürəm. Sadəcə, son nöqtəni qoymaqda bir qədər çətinlik çəkirik. Amma ümumən götürəndə fikrimcə,, inkişafdayıq. Qalır nəticələrimizi yaxşılaşdırmaq.


- Ötən turda səfərdə "Zirə"ni məğlub etdiz. Bu kollektiv də arxayınlıq yaratmayıb?
- "Zirə" üzərində qələbə bizə arxayınlıq yox, əlavə güc və motivasiya vermişdi. Onun ardını "Sabah"la oyunda da davam etdirmək istəyirdik. Təəssüf ki, alınmadı. Hamımız məsuliyyətimizi anlayırıq. Odur ki, arxayınlıqdan söhbət belə gedə bilməz.


- Yayda müqavilən bitir. "Araz-Naxçıvan"la sözləşməni yeniləməyi düşünürsən?
- Hazırda bu barədə düşünmürəm. Qarşıda bizi 3 ağır matç gözləyir. Məqsədimiz həmin görüşlərdə maksimum nəticə qazanıb 7-ci pilləyə yüksəlmək, ən azı isə 8-ci pillədəki yerimizi qorumaqdı.


- Ümumiyyətlə, başqa Premyer Liqa klubu xidmətində maraqlı olsa, karyeranı ölkəmizdə davam etdirmək istərdin?
- Azərbaycan yaxşı ölkədi. Paytaxtınızı, futbolunuzu sevirəm. Burda qalıb karyeramı davam etdirmək pis olmazdı. Amma dediyim kimi hələ mövsüm bitməyib. Çempionatın finişindən sonra təklifləri dəyərləndirəcəm.

ABDULLA İSMAYILOĞLU