"Qış fasiləsindən sonra bizə hava-su kimi lazımlı xallar itirdik. Bununla da işimizi çətin saldıq. Çempionatın sonuna doğru futbolçularımızda, gərginlik, yorğunluq da var ki, bu da özünü göstərir". Bu sözləri Sport24.az-a açıqlamasında I Liqada çıxış edən "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlov deyib.


Klub rəsmisi çempionluq şanslarını itirmədiklərini bildirməklə yanaşı, Premyer Liqada klub sayının artırılması məsələsinə də münasibət bildirib: "Hələ heç nə itirilməyib, çempionluq şanslarımız qalır. İrəli də bizi "Qaradağ Lökbatan", "Araz Saatlı" və "MOİK" ilə ağır oyunlar gözləyir. Həmin qarşılaşmalarda maksimum nəticəyə köklənmişik. Komanda sayının artmasıyla bağlı söz-söhbətlərin real olmasını biz də istəyirik. Artıq elitada çıxış etmək üçün lisenziya almışıq. Premyer Liqada oynamağa hazırıq".


Aqşin bəy "İmişli"nin elitaya yüksələ bilməyəcəyi təqdirdə sponsorun buna necə yanaşacağından da danışıb: "Hazırkı sponsorla uzunmüddəli müqaviləmiz var və gələcək üçün strategiya hazırlamışıq. Odur ki, əməkdaşlığımız davam edəcək. Təbii ki, elitaya yüksələ bilməyəcəyimiz halda düşərgədə ciddi islahatlar həyata keçirəcəyik. Belə ki, indikindən daha güclü komanda qurmaqla növbəti mövsümdə də çempionluğa oynayacağıq".  


Qeyd edək ki, hazırda aktivində 46 xal olan "İmişli" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


ABDULLA İSMAYILOĞLU