"Oyunun 41-ci dəqiqəsində rəqib qapıçı ilə müdafiəçinin anlaşılmazlığından istifadə edərək qol vurduq. Amma hakiml təmiz qolumuzu hesaba almadı. Bu da futbolçuların və azarkeşlərin güclü etirazına səbəb oldu". Bu sözləri Sport24.az saytına açıqlamasında "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlov deyib.

Aqşin bəy oyunda yaranan məcburi fasilə və azarkeşlərin hakimə təzyiqindən də danışıb: "Oyuna 5 min azarkeş gəlmişdi. Komandamız möhtəşəm dəstək altında çıxış edirdi. Hakimin səhv qərarından sonra fanatlar etiraz etməyə, müxtəlif şüarlar sələndirməyə başladılar. Güclü təzyiq var idi. Ona görə də məcbur olub oyunu 10-12 dəqiqə saxlayıb, polislərin nəzarəti altında hakimləri paltardəyişmə otağına apardıq. Ondan sonra azarkeşləri sakitləşdirməyə çalışdıq. Buna nail olanda matç qaldığı yerdən davam etdi. Çox vacib qələbədən olduq. Epizoda təkrar baxanda da  görünür ki, təmiz qol vurmuşuq. Hakimin səhv qərarı bizi vacib 3 xaldan məhrum etdi".

 

Qeyd edək ki, dünən İmişlidə eyniadlı komanda lider "Qaradağ Lökbatan"ı qonaq edib. XXV turun məqkəzi görüşü qolsuz başa çatıb. I Liqada mövsümün başa çatmasına 2 tur qalmış Lökbatan təmsilçisi 53 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. "İmişli" isə 47 xalla üçüncüdü.

ABDULLA İSMAYILOĞLU