"Maraqlı və sürətli matç alındı. Hər iki komandanın azarkeşləri oyuna rəng qatdılar. Futbolçularımdan razı qaldım. Amma təəssüf ki, ikinci oyiundu xırda səhvlər bizə baha başa gəldi". Sport24.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis qol epizodlarından yararlana bilmədiklərini üzüldüklərini söyləyib: "3-4 real qol imkanımız olsa da,  bunlardan istifadə edə bilmədik. Deməli, daha çox işləməli, oyun baxımından artırmalıyıq. Bəzi şeylər bizi sevindirir. Musal üçün futbolçularımızda irəliləyiş var. Amma bu, qələbə üçün yetərli deyil. Rəqibin sürətli hücumları zamanı arxaya qayıtmaqda çətinlik çəkirdiik. Amma bunlar futbolda normal hallardır. "Sumqayıt" hesabda öndə olduğundan qapanırdı. Bu cür əks-hücumları olmalı idi. Bundan qaçmaq mümkün deyildi. Biz isə komanda şəklində hücuma keçirdik. Futbolçularım 90 dəqiqə bu tempə dözdülər. Hansısa gecikmə, yorğunluq olmadı. Oyunu gücləndirmək üçün taktiki gedişlər etdik".

Abbasov "Sumqayıt"ın "Turan Tovuz"la oyuna daha motivasiyalı çıxması fikri ilə razılaşmayıb: "Hər oyun motivasiya tələb edir. Üstəlik, rəqibə xal və ya xallar lazım idi. Bu gün hər iki komanda yaxşı mübarizə apardı".

Abasovun fikrincə, aşağı sıralarda gedən komandalarla xal fərqinin azalması psixoloj gərginlik yarada bilər: "Son "beşlik"dəki klublar arasında mübarizə axıradəj gedəcək. Ümumi götürsək, güc nisbəti bərabərdir. Çətin oyunlar qarşıdadır. Ən çox bizə yaxın olan rəqiblərlə matçlarda xal qazanmaq lazımdı. Sevindirici haldır ki, futbolçular son ana kimi dayanmadılar. Şakir Seyidovun epizodundan öncə də 2-3 imkanımız oldu. Bu cür anlarda bir az soyuqqanlı olmaq lazımdır".

O, AFFA İntizam Komitəsinin klubu 5 600 manat cərimələməsinə də münasibət bildirib: "Bizim kimi azbüdcəli klublara belə şeylər çox təsir edir, komandanı çətin vəziyyətə salır. Gərək azarkeşlərimiz də daha diqqətli olsunlar".