"Dünənki oyunda Qarabağ"ın səviyyə baxımından rəqibindən xeyli üstün olduğunu gördük". Bu sözləri Sport24.az-a açıqlamasında Hüseyn Məhəmmədov deyib.
Veteran qapıçı komandalar arasında ötən gün Bakıda keçirilmiş UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu (3:0) haqqında danışıb:
"Ağdam təmsilçisi illərdir avrokuboklarda uğurlu çıxışı ilə özünü sübut edib, hətta bir sıra adlı-sanlı klubları da məğlub etməyi bacarıb. Bu baxımdan, "Vestri"ni elə də ciddi rəqib hesab etmirəm. Əlbəttə, heyətdə yeni futbolçular var və onların komandaya tam uyğunlaşması müəyyən vaxt tələb edir. Ancaq düşünmürəm ki, bu məqam nəticəyə ciddi təsir göstərsin. Qurban Qurbanov belə oyunlara komandanı necə hazırlamağı və futbolçuları necə motivasiya etmək lazım olduğunu çox yaxşı bilir. İnanıram ki, "Qarabağ" bu mövsüm də ölkəmizi avrokuboklarda layiqincə təmsil edəcək və uğurlu nəticələr qazanacaq".
Qeyd edək ki, cavab görüşü iyulun 17-də baş tutacaq