Bir daha legioner limiti, 5 əvəzetmə və 21 yaş limiti ətrafında danışmağa məcbur oluruq. Acı bağırsağı xatırladır sadaladıqlarımız. Bir tək 5 əvəzetmə mövzusu yenidi. Ancaq hər şey haqda ardıcıllıqla danışaq.

Başlayaq legioner limitindən. Vaxtilə polis sistemindən futbola qədəm basmış Ramin Musayev bu illər ərzində mütəxəssis ola bilməsə də, bir vətənpərvər insan kimi ad çıxarmağı bacardı. PFL prezidenti yola saldığımız  həftədə ölkə mətbuatına verdiyi müsahibədə yenə də legioner limiti mövzusuna toxunub, dolayısı ilə olsa da, yerli uşaqların inkişafı naminə belə qaydanın tətbiqinin tərəfdarı olduğunu dilə gətirib. Cənab Musayevlə bu mövzuda şəxsi dialoqum az olmayıb, özü də təsdiq edə bilər ki, faktlarla sübut etmişəm ki, limit aradan qaldırılmalıdı. Amma sübutlara da məhəl qoyulmayıb. Yeganə əks-arqument isə “bəs yerli uşaqlar harda oynasın” sualı olub.  İndi başqa bir faktı da ortaya qoyum. Bəlkə bundan sonra PFL başçısı “daşı ətəyindən tökə”. Aydın məsələdir ki, Musayev qərar qəbul etmir. Amma heç olmasa onun bu mövzuda daha effektiv tərəfdə olması nə vaxtsa düzgün qərarın verilməsi şanslarını artırar. 

İndi də keçim konkret misala. XXI əsrin əvvələri Azərbaycan futzalının ən parlaq dövrünə təsadüf etdi. Büsbütün yerli ulduzlardan qurulmuş “Azərneftyanacaq” qarşısında heç kəs tab gətirə bilmirdi. Ancaq buna qarşı da məlhəm tapıldı: “Turan Air” üz tutdu Rusiyaya. Bu ölkənin ən köklü klubu “Dina”dan veteran və əsas heyətə hələ düşə bilməyən gənc futzalçıları dəvət edən baş məşqçi Elman Ələkbərov bu idman növündə inqilabi sıçrayışa nail oldu. İlk dövrənin bütün qarşılaşmalarından qalib ayrılan “pilotlar” ikinci dövrədə eyni rahatlığı yaşamadı. Heç-heçələr də oldu, məğlubiyyətlər də. Bilirsiniz niyə? Çünki rəqabət yarandı və azərbaycanlı futzalçılar da “nəyimiz gəlmələdən əskikdi” iddiası ilə oynadılar. Bax, elə bir rəqabətdə Natiq və Namiq Məmmədkərimovlar, Ağatahir Əzimov, Mahir və Nurəddin Eyniyevlər, Allahverdi Babayev, Baba Əsgərov, Camal Məmmədov, Rəcəb Fərəczadə, İlqar Abdulov, Vitali Borisov kimi simalar parlamağa başladı. Görürsünüz, Ramin müəllim, azərbaycanlılar itmədi, əksinə, elitar oyunçu oldular! Eyni mövqeyi AFFA rəhbərliyi də nümayiş etdirir. Amma səhv fikirdədirlər, özləri də bilmədən yerli uşaqları müdafiə etmək istəməklə, onların inkişafına qarşı çıxırlar.

Keçək 5 əvəzetmə məsələsinə. Bunu da Sport24.az-a verdiyi müsahibədə Qurban Qurbanov təklif etmişdi. Lakin klublarımız “Qarabağ”ın baş məşqçisinin təşəbbüsünə qarşı çıxdı. Bilirsiniz niyə? Çünki əvəzetmədən meydana buraxmağa 5 futbolçuları yoxdu! Ayıbdı, Vallah! Ətrafda hamı günahkardı, amma klublarda meydana çıxa biləcək 16 oyunçu yoxdu. Qurbanov isə açıq formada məramını çatdırdı. Hoca 5 əvəzetməylə rəqiblərini yormaq niyyəti güdmədiyini, sadəcə, nisbətən uyğun axarda keçən qarşılaşmalarda son 15-20 dəqiqədə daha iki gənc oyunçuya şans tanımaq və bununla da ölkə futboluna yeni simalar bəxş etmək niyyətini göstərdi. Axı, hamı inkişaf proqramlarından danışır, Qurban Qurbanov isə sadə yol göstərdi. Niyə dəstəklənməsin? Fikrimcə, artıq qış fasiləsindən etibarən bu təşəbbüsü qanuni qüvvəyə mindirmək olar. Olar? Olar yox, mütləq lazımdı!

Nəhayət, Milan Obradoviçin 21 yaşadək 1 yox, 2 futbolçunun meydanda olması təklifinə dair bir-iki kəlmə. Nə olacaq ki, onda? Zorən məhəbbət olmur, əzizlərim! Sən 21 yaşadək oyunçunu meydana buraxmağa məcbur etməklə, sadəcə, klubu zəiflədirsən. Bununla futbolçu yetişmir. Toral Bayramov bu gün əsas milliyə cəlb olunur, amma yaşı limitə düşür. Demək ki, bu gənc limit olsaydı da, olmasaydı da “Qarabağ”ın əsas heyət üzvünə çevriləcəkdi. Süni limitlər isə elə həmin yaşda olan gəncləri tənbəlləşdirir, çünki bilirlər ki, bu qaydaya görə yaxın 1-2 ildə layiq olmadıqları pulları alacaqlar, kiminsə yerini tutub əsas heyətdə meydana çıxacaqlar. Bu yaş limiti ümumiyyətlə, ləğv edilməlidi! Çünki “Ulduz” filmində Gülümsərovun iflasa uğramış “ixtira”sı - limandra kimi bir layihədir.

 

 

CEYHUN ƏLİYEV