“2010-cu ildən etibarən mütəmadi olaraq qadınlardan ibarət Azərbaycan milli komandasına dəvət olunmuşam. 2012-ci ildə ölkəmizdə keçirilən FIFA U-17 Qadınlarası Dünya çempionatında milli komandamızın kapitanı olmuşam. Müxtəlif illərdə “Fidan”, “Neftçi” klublarında oynamışam. “Neftçi” klubunda həm məşqçi, həm də oyunçu kimi çıxış etmişəm. Təəssüf ki, zədə səbəbindən kareyarmı erkən bitirməli oldum". Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA-nın Qadın Futbolu İnkişaf Departamentinin yeni rəhbəri təyin olunan Əminə Həsənova bildirib. 

O, karyerasını bitirsə də, futboldan ayrıla bilmədiiyini vurğulayıb: "Bir müddət AFFA-nın təşkil etdiyi qadın lıqalarında hakimlik etdim, məşqçi kurslarına qatıldım. 2013-cü ildə C, iki il sonra isə B kateqoriyalı məşqçi lisenziyasına sahib oldum. Bundan əlavə, 2015-ci ildə Azərbaycanda 17 yaşlı qızlar arasında keçirilən inkişaf turnirinin final oyununu hakim kimi idarə etmişəm. 2015-ci ildən qadınlardan ibarət U-15 və U-17 milli komandalarında köməkçi məşqçi kimi fəaliyyət göstərmişəm. 2021-ci ildə isə qadınlardan ibarət Azərbaycan milli komandasının köməkçi məşqçisi olmuşam. Ötən il AFFA-nın təşkilatçılığı ilə kütləvi futbol təlimatçılar üçün keçirilmiş kursda iştirak etmişəm. Yəni,  departament vəzifəsinə təyin olunanadək müxtəlif kurslarda və seminarlara qatılmışam".

Həsənova AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova verdiyi dəstəyə görə təşəkkür edib: "AFFA rəhbərliyi qadın futboluna həmişə böyük diqqət göstərir. Bütün enerjimi, bilik və təcrübəni bundan sonra Azərbaycanda qadın futbolunun təşkili və inkişafı istiqamətində davam etdirəcəm”.