Azərbaycan futbolunda hakimlik mövzusu yenidən ciddi müzakirə obyektinə çevrilib. Cari mövsümdə verilən qərarların çoxu həm azarkeşlər, həm də klub nümayəndələri tərəfindən birmənalı qarşılanmır. Mövsümün əvvəlindən bəri davam edən bu tendensiya artıq sistemli problem təsiri bağışlayır və sual doğurur: məsələ fərdi səhvlərdir, qərəzdir, yoxsa ümumi səviyyə problemi?

Xüsusilə "Turan Tovuz" – "Zirə" (0:2) matçı ətrafında baş verənlər vəziyyəti daha da gərginləşdirdi. Oyunda baş hakim Əliyar Ağayev iki penalti epizodunda oyunu davam etdirdi. VAR-da əyləşən Cavid Cəlilov isə ilk epizodda Ağayevi monitor qarşısına dəvət etsə də, ikinciyə müdaxilə etməyi lazım bilmədi. Halbuki bu qərarlar matçın nəticəsinə birbaşa təsir göstərən amillər idi. Sonradan AFFA Hakimlər Komitəsi sədri Rəhim Həsənov həmin epizodların səhv olduğunu açıq şəkildə etiraf etdi. Lakin sual açıq qalır: bu etiraflar problemi həll edirmi?

AFFA rəhbərliyi tərəfindən hakimlərin inkişafı üçün müəyyən addımlar atılır, o cümlədən xaricdə təlim-məşq toplanışları təşkil olunur, yüksək maaş və bonus sistemi tətbiq edilir. Bu isə o deməkdir ki, mövcud problemləri yalnız maddi və ya hazırlıq çatışmazlığı ilə izah etmək çətindir. Qərəz amili barədə konkret sübut olmadan danışmaq düzgün olmasa da, ardıcıl şəkildə təkrarlanan kobud səhvlər artıq ədalət təmsilçilərinə qarşı inamsızlıq yaradır. 

Belə şəraitdə klubların narazılığı da başadüşüləndir. "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev haqlı olaraq sual edir: əgər ədalət təmin olunmursa, futbola sərmayə qoymağın mənası nədir? Bu, təkcə bir klubun yox, ümumilikdə futbol mühitinin gələcəyini düşündürən ciddi siqnaldır.

Hakimlərin cəzalandırılması isə problemin yalnız zahiri həllidir. Əsas məsələ səhvlərin sayını minimuma endirəcək mexanizmlərin qurulmasıdır. Əks halda, mövsümün sonuna doğru hakim çatışmazlığı və daha böyük qalmaqallar qaçılmaz görünür. Bəlkə çıxış yolu kimi bəzi ölkələrdə olduğu kimi xarici hakimlərin cəlb olunması variantı da müzakirəyə açılmalıdır. Bəlkə də səhvlərə görə, hakimlərə pul cəriməsi tətbiq olunmalıdır. Necə ki, qaydalar çərçivəsini aşan məşqçiyə və ya futbolçuya görə klub cərimələnir, qoy ədalət təmsilçiləri də yeni təyinat almamaqla yanaşı, maliyyə sanksiyasına da məruz qalsın. Bəlkə belə olan halda onlar meydanda daha məsuliyyətli olar, epizodları daha obyektiv dəyərləndirərlər. Əks halda, Azərbaycan futbolunda ədalət prinsipi getdikcə daha çox sual altına düşəcək.