"Çempionat sona yaxınlaşdıqca matçlar gərgin keçir. Düşünürəm ki, psixoloji vəziyyətdə daha güclü olan qalib gəldi. Bu günə qədər çətinliklə gəlib çıxmışıq. Futbolçulara sərf etdikləri gücə görə təşəkkür edirəm". Sport24.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçi Aftandil Hacıyev evdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis Premyer Liqada bugünkü matçları haqqında çox danışmaq istəmədiyini, rəqibin qələbəyə layiq olduğunu bildirərək, onu təbrik edib. Amil Yunanovu zədəyə görə əvəzlədiyini deyən Hacıyev qeyd edib ki, hücumçu həftəiçi məşqdə xəsarət alıb: "Üzülürəm ki, Aminin yerinə meydana çıxan Rauf Əliyev də oyunun sonlarında zədələndi. Hazırda Rauf xəstəxanaya gedib. Başında çoxlu açılma olduğundan, həkim müdaxiləsinə ehtiyac var".

Baş məşqçinin sözlərinə görə, komandasında arxayınlaşma yoxdu: "Rəqib daha istəkli idi. Bizdə əhval-ruhiyyə o səviyyədə deyil. Digər komandalarla "Neftçi" və "Qarabağ" arasında uçurum var".