"Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırılması ehtimalı Azərbaycan futbolunda yeni müzakirə mövzusu yaradıb.

İddialara görə, buna səbəb 2019-cu ildə bir neçə futbolçunun danışılmış oyunlarda iştirak etməsi ilə bağlı məsələdir. Əgər həqiqətən də belə bir təhlükə mövcud idisə, ortaya çox ciddi suallar çıxır.

İlk növbədə, "Turan Tovuz" rəhbərliyi indiyədək niyə məlumatlandırılmayıb? Klub illərdir Premyer Liqada çıxış edir, avrokuboklara vəsiqə uğrunda mübarizə aparır və nəhayət, bu hüququ qazandığı məqamda qarşısına belə bir problem çıxır. Əgər UEFA səviyyəsində hər hansı qərar və ya risk mövcud idisə, bu barədə klubun əvvəlcədən xəbərdar edilməməsi anlaşılan deyil.

Burada diqqətlər birbaşa hazırda AFFA-nın Lisenziyalaşdırma və Qeydiyyat departamentinin rəhbəri vəzifəsində çalışan Seymur Səlimliyə yönəlir. Çünki həmin dövrdə milli assosiasiyada oyunların toxunulmazlığı və danışılmış qarşılaşmalarla mübarizə istiqamətinə məhz o nəzarət edirdi.

Əgər belə bir təhlükədən xəbəri var idisə, niyə "Turan Tovuz" rəhbərliyinə vaxtında xəbərdar etməyib? Klubun illərlə qeyri-müəyyənlik içində saxlanılması hansı məntiqə sığır? Avrokuboklara vəsiqə qazanıldıqdan sonra belə bir məsələnin gündəmə gəlməsi həm kluba, həm də Azərbaycan futbolunun imicinə ciddi zərbə vurur.

Yox əgər Seymur Səlimlinin özünün də bundan xəbəri olmayıbsa, vəziyyət daha da düşündürücüdür. Çünki həmin sahəyə cavabdeh olmuş bir şəxsin bu cür həssas məsələdən xəbərsiz qalması peşəkar fəaliyyət baxımından ciddi suallar yaradır. Hər iki halda ortaya çıxan mənzərə AFFA daxilində informasiya mübadiləsinin və nəzarət mexanizmlərinin hansı səviyyədə olması barədə narahatlıq doğurur.

Məsələnin digər tərəfi də var. "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılması halında Konfrans Liqasına "Zirə" vəsiqə qazana bilər. Lakin heç bir klub belə bir vəsiqəni rəqibin inzibati problemləri hesabına əldə etmək istəməz. İdman prinsipləri baxımından ən gözəl ssenari meydanda qazanılan uğurun meydanda da təsdiqini tapmasıdır.

Hazırda futbol ictimaiyyəti cavabdan çox sual eşidir. Bu sualların böyük hissəsi isə AFFA və xüsusilə də Seymur Səlimlinin fəaliyyət dövrü ilə bağlıdır. Hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək. Amma artıq indidən aydındır ki, bu məsələ Azərbaycan futbolunda uzun müddət müzakirə olunacaq.