“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos”un qonağı olacaq. 2017-2019 və 2020-ci ildə Ağdam klubunun formasını geyinmiş Vild-Donald Gerye Sport24.az-a müsahibəsində komandanın şanslarını dəyərləndirib.

Hazırda karyerasını Kiprdə davam etdirən 33 yaşlı haitili sol cinah müdafiəçisi Azərbaycan çempionunun bu mövsüm Avropa arenasında uğurlu çıxış edəcəyinə inanır. Gerye “Qarabağ”ın ardıcıl uğurlarının sirrini də açıqlayıb.

- Sabiq komandan “Qarabağ”ın avrokuboklardakı çıxışını izləyirsən?

- Əlbəttə ki. “Qarabağ” Azərbaycan üçün çox şey deməkdi. Bu klub Azərbaycan xalqı üçün milli komanda kimidi. Bunu hələ ikinci turda “Nant”la oyundan əvvəl Fransa mətbuatına müsahibəmdə də demişdim. Həmin vaxt fransızlar “Qarabağ”da uzun müddət çıxış etdiyimi bildikləri üçün mənimlə danışmaq istəmişdilər. Mən də bildiyim çox şeyi onlarla bölüşmüşdüm.

- Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsindəki ilk iki turda “Frayburq”a minimal hesabla (1:2) məğlub oldu, “Nant” üzərində böyükhesablı (3:0) qələbə qazandı. Bu nəticələr gözlənilməz olmadı?

- Xeyr, gözlənilməz hadisə deyil. Xüsusən də, “Nant”ı məğlub edəcəklərini öncədən fransızlara da demişdim. Bu komandanın əsas gücü öz meydanındadı. Çünki Bakıda “Qarabağ”a qarşı oynamaq istənilən rəqib üçün çətindi. Rəqiblər Bakıya səfər edəndə “Qarabağ” onlara cəhənnəmi yaşadır. Bu üzdən “Nant” üzərindəki qələbədən əmin idim.

- “Olimpiakos” və “Frayburq”la ev matçlarında da eyni nəticəni gözləyirsən?

- Əlbəttə. Hətta buna inamım böyükdr. “Olimpiakos” və “Frayburq”la “Tofiq Bəhramov”dakı matçlarda da “Qarabağ”ın 90 faiz qalib gələcəyini proqnozlaşdırıram.

- Səncə, “Qarabağ”ın stabil çıxış etməsinin əsas sirri nədədi?

- “Qarabağ”da çalışanların mentalitetində. Üstəlik, baş məşqçi Qurban Qurbanov da uduzmağı sevmir. Oyunçusunun meydançanı məyus tərk etməsini istəmir. Ancaq yenə də belə hallar baş verə, komanda hansısa görüşdə uduza bilər. Amma qladiator Qurban Qurbanov futbolçularını çox yaxşı tanıyır, komandasının nə zaman məğlubiyyətə layiq çıxış etdiyini bilir. Ümumiyyətlə, “Qarabağ” özü üçün deyil, müharibədə iştirak edənlər, valideynlərini itirən uşaqlar üçün oynayır. Bunları o ailədə yaşadığım təcrübəmdən bilirəm. Futbolçu kimi orada sözün həqiqi mənasında böyüdüm. Azərbaycan çempionatı və avrokubok matçları arasında fərq qoymurlar, baş məşqçi və bütün heyət hamısına eyni dərəcədə yanaşır. Bu, Qurban müəllimin mentalitetidi. Onun bu fəlsəfəsi komandanın bu səviyyəyə çatmasına kömək edib.

- Təmsilçimiz bu gün “Olimpiakos”un qonağı olacaq. Qarşıdakı matçdan nə gözləyirsən?

- “Olimpiakos” həm çempionata, həm də avrokuboklara uğurlu başlamayıb. “Qarabağ”da isə hər şey tam əksinədi. Ümid edirəm ki, bu durum “Olimpiakos”la görüşdə də davam edər. Yunanıstan klubunda yeni baş məşqçi var. Komandanın yeni çalışdırıcının sisteminə uyğunlaşması zaman alır. “Qarabağ” bundan məharətlə yararlana bilər.

- Pireydə azarkeş amili “Qarabağ”a mane olmaz?

- “Qarabağ” çılğın fanatlar önündə oynamağa öyrəşib. Ağdam komandası çox yaxşıdır, hər görüşdə fərqli oynamaq və qalib gəlmək gücündədir. Qarşılarında duran istənilən komandanı məğlub edə bilərlər. Çünki bayaq da dediyim kimi, arxalarında güclü mentalitetə sahib baş məşqçisi, əsgəri, qladiatoru var. Bütün bu yaxşı məqamla “Qarabağ” nəinki “Olimpiakos” önündə, ümumiyyətlə, qrupda uğurlu nəticələr göstərə bilər.

 

 

KAMAL RZA