"Kəpəz"in Azər Məmmədovu baş məşqçi postuna gətirməzdən əvvəl apardığı danışıqların bəzi detalları məlum olub. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin rəhbərliyi Arif Əsədovla yanaşı, Sənan Qurbanov və Elmar Baxşıyevlə də intensiv müzakirələr aparıb.

Mənbənin bildirdiyinə əsasən, Elmar Baxşıyevlə keçirilən görüş qısa çəkib. Təcrübəli mütəxəssis komandanın qarşısına iddialı hədəflər qoyulmasını və buna uyğun heyətin formalaşdırılmasını istəyib. Klub rəhbərliyi isə daha çox orta səviyyəli kollektiv qurmağı planlaşdırdıqlarını bildirib. Bu səbəbdən tərəflərin mövqeləri üst-üstə düşməyib.

Sənan Qurbanovla aparılan danışıqlar da nəticəsiz qalıb. Bildirilir ki, rəhbərlik ötən mövsümlə müqayisədə legionerlərə ayrılan büdcəni əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Klub növbəti mövsümdə əcnəbi futbolçuların maaşlarının əsasən 3-5 min dollar arasında olmasını nəzərdə tutur.

Mənbənin sözlərinə görə, namizədlərdən biri bu yanaşmaya etiraz edərək klub rəhbərliyinə maraqlı cavab verib: "Komanda ötən mövsüm 7-9 min dollar alan legionerlərlə I Liqanın qapısından qayıtdı. 3-5 minlik futbolçularla nə edəcəksiz?"

Qeyd edək ki, nəticədə "Kəpəz" baş məşqçi postuna Azər Məmmədovu təyin edib.