Futbolun İnkişaf Fondu region klublarında sosial medianın idarə olunması və oyun gününün təşkili mövzusunda onlayn seminar təşkil edib. Sport24.az xəbər verir ki, seminarda Premyer Liqa klublarından “Kəpəz” və “Turan Tovuz”, I Divizion klublarından isə “Mingəçevir”, “İmişli” və “Araz-Naxçıvan” klubları iştirak edib. 

“Səbail” futbol klubunun marketinq departamentinin rəhbəri Orxan Qasımov sosial medianın idarə olunması mövzusunda çıxış edib. O, sosial medianın klublara vacibliyindən, həmçinin məzmunun necə yaradılması, planlanması və istifadə edilməsi ilə bağlı xüsusi məqamları diqqətə çatdırıb. 

“Sabah” futbol klubunun marketinq departamentinin rəhbəri Pərvin Piriyev isə ölkədə ən çox istifadə olunan sosial media platformalarından, onların istifadə gücündən danışmaqla yanaşı, oyun gününə hazırlıq prosesi və oyun gününün təşkilindəki vacib amillər barədə təqdimat edib.

Seminar klubların bir-biri ilə mütəmadi əlaqələrinin qurulmasında yardımçı olmaq, Premyer Liqada çıxış edən klubların Premyer Liqaya və I Diviziona yenidən vəsiqə qazanan klublarla yaşadıqları təcrübələri bölüşmək, həmçinin fikir mübadiləsi etmək məqsədi daşıyırdı.