Düz 40 gün öncə aydın səmada şimşək" effekti yaradan "Kəpəz" sponsoruna qovuşur" başlıqlı yazı dərc etdik. Ertəsi gün şirkət rəhbərlik səviyyəsində yazdıqlarımızı təsdiqlədi. Bu müddət ərzində hadisələri kifayət qədər yaxından izləsək də, Futbolun İnkişaf Fondu (FİF), "F-Holding" və "Kəpəz" rəhbərliyi arasında konfidensiallıq barədə üçtərəfli razılıq oxucularımıza müfəssəl məlumat verməyimizi əngəlləyirdi. Lakin ötən gün FİF-in rəhbəri Tural Piriyev "Futbol+" qəzetinə danışıqların davam etməsi barədə məlumat verməklə "konfidensiallıq prezumpsiyası"nın tarixə qovuşmasını nümayiş etdirdi. Biz də öz növbəmizdə məsələylə bağlı "F-Holding"in idman departamentinin direktoru Zamin Əsədullayevlə əlaqə saxladıq. Şirkət rəsmisinin Sport24.az-ın əməkdaşı ilə dialoqunu diqqətinizə çatdırırıq.


- Üfüqdə nə görünür, Zamin müəllim?
- Təbiət ayılır, insanların əhvalı yaxşılaşır, bahar gözəl fəsildi (gülür).


- Bəs Gəncə futbolunun üfüqündə?
- Üzr istəyirəm, bu mövzuya dair konfidensiallıq öhdəliyimiz var.


- Məncə, hər 3 tərəfin öhdəliyi olub, deyilmi?
- Bəli, tamamilə doğrudu.


- Ancaq Tural Piriyev ölkə mətbuatına məsələ ilə bağlı danışıb...
- Xəbərim yoxdu, indi sizdən eşidirəm. İcazə verin, oxuyum, sonra sizə geridönüş edim.


Təqribən 15 dəqiqə sonra dialoqumuz davam edir.


- Yəqin ki, oxudunuz...
- Mən yenə də susmağı üstün tutacam.


- Bir müddət öncə ölkə mətbuatında danışıqların sonlanmasına dair məlumat dərc edilmişdi...
- Məncə, həmin xəbərin həqiqətə nə dərəcədə uyğun olub-olmamasına Tural müəllim cavab verib.


- "F-Holding"in "Kəpəz"i himayəsinə götürmək ehtimalı neçə faiz olar?
- Ayyarımdı danışıqlar davam edirsə... Yəqin ki, müsbət yöndə ciddi irəliləyiş olmasaydı, danışıqlara çoxdan xitam verilərdi.


- Müqavilə nə vaxta rəsmiləşər?
- Fəaliyyət göstərdiyiniz sahənin insanlarına böyük hörmətim var. Sözü kəlbətinlə çəkmək bacarığınıza da şübhə etmirəm. Ancaq inciməyin, əlavə heç nə deməyəcəm.