"Uduzmuşuq, bərbad oynadıq, bu, biabırçılıqdır". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.

Təcrüəli futbolçu evdə "İmişli"yə 2:3 hesabı ilə məğlub olduqları Misli Premyer Liqasının XII turunun matçı ilə bağlı fikirlərini bölüşüb:

"Qol vururuq, autdan və ya standart vəziyyətdən qapımızda top görürüksə, bu, problemdir. Yaxşı şanslarımız var idi. Boş qapıya top vura bilmirik. Sonra da autdan qol buraxırıq. "İmişli"nin yaxşı oyun üslubu var. Müdafiədən əks-hücuma çıxırlar, standart vəziyyətlərdən istifadə edirlər. Biz isə çox bərbad oynadıq. Uduzmuşuqsa, vurduğum qoldan danışa bilmərəm".

Kapitan hücumda pis oynamadıqlarını vurğulayıb: "Fürsətlərimiz də olur, qol da vururuq. Amma komanda şəklində müdafiədə zəif oynayırıq".

Mahmudov çempionatdakı şanslar barədə danışmağın çətin olduğunu vurğulayıb: "Azarkeşlərin gözləntiləri başqadır".

O, növbəti turda səfərdə "Turan Tovuz"la matça da toxunub: "Çətin səfər deyəndə, evdə də uda bilmirik. Deyiləsi çox şey yoxdur. Azarkeşlərimiz üçün səfərdə yaxşı nəticə qazanmağa çalışacağıq".

Oyunçu fanatların istefa şuarlarına da münasibət bildirib: "Dəyişiklərlə bağlı suala cavab verə bilmərəm. Samir Abasovla davam etməyimizi istəyərəm, yaxşı nəticələr olsun. Amma necə olacağını bilmirəm. "Neftçi" üçün xeyirli olsun".